Dörd ünsür, dörd bayram çərşənbəsi
İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirilməsinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı 2009-cu il sentyabr ayının 30-dan YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara halay, bənövşə, cıdır, ənzəli, kos-kosa və bu kimi oyunları aid edə bilərik. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının zəminidir.
Bayrama 4 həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.
Novruz bayramı yazın gəlişindən xəbər verən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur.
Qədim insanlara görə kainat 4 ünsürdən-su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədim zamanlardannqızlar bulaqlardan sərin, şirin su gətirərdilər, üzlərini yuyardılar.
İncisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Hər ailə üzvünün adına bir şam yandırardılar, xonçalar düzəldilərdi.
Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağaclar yellədir ki, onlar da oyansın.
Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı ona təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə səməni saxla məni, ildə göyərdərəm səni deyib buğda isladardılar ki, ondam səməni göyərsin.
Azərbaycanda bu bayram hər il yüksək təntənə ilə keçirilir. Biz fəxr edirik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın, xalqımızla bərabər Novruzun da ömrü əbədi olsun.