Daxili imkanların genişləndirilməsi investisiya mühitinin mühüm komponentlərindəndir

Daxili imkanların genişləndirilməsi investisiya mühitinin mühüm komponentlərindəndir

Fidan Həbibova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

İnvestisiya mühitinin mühüm elementləri sırasında siyasi və iqtisadi sabitlik, maliyyə sisteminin dayanıqlılığı, dövlət borcunun səviyyəsi və valyuta ehtiyatları xüsusi olaraq qeyd edilib. Çıxışda dövlət borcunun ÜDM-in 20 faizi, xarici borcun isə ÜDM-in 5,6 faizi səviyyəsində olduğu, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyi bildirilib. Həmçinin manatın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 manat səviyyəsində olduğu qeyd edilib. İnvestorlar üçün digər mühüm amil kimi Azərbaycanın uzunmüddətli müqavilə öhdəliklərinə sadiqliyi göstərilib. Neft-qaz sektorunun inkişafı ilə bağlı 30 il əvvəl imzalanmış müqavilələrin əsas parametrlərinə toxunulmaması uzunmüddətli tərəfdaşlıq baxımından mühüm yanaşma kimi təqdim edilib.

Prezidentin çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin də genişlənən iqtisadi və nəqliyyat əməkdaşlığı kontekstində mühüm yer tutduğu bildirilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü olması ölkənin regional əməkdaşlıq imkanlarını genişləndirən amillərdən biri kimi təqdim edilib. Nəqliyyatın idarə edilməsi, rəqəmsallaşma və gömrük idarəçiliyi sahələrində tətbiq olunan yanaşmaların investorlar üçün aydın və proqnozlaşdırıla bilən biznes mühitinin formalaşdırılmasına xidmət etdiyi qeyd olunub.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, neft-qaz sektorunda yeni layihələrin reallaşdırılması da gündəmdə qalır. Forum çərçivəsində SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, SOCAR və “ExxonMobil” arasında isə Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi daxil olmaqla bir sıra sənədlər mübadilə edilib. Rəsmi məlumatlara əsasən, forum çərçivəsində “Comstock Resources”, “Apollo”, “SEFE”, “Eni”, “Oracle”, “VNG” və digər şirkətlərlə də müxtəlif strateji əməkdaşlıq və investisiya sənədləri imzalanıb və ya mübadilə edilib. Bu sənədlər enerji, hasilat, texnologiya, enerji təhlükəsizliyi və beynəlxalq investisiya əməkdaşlığı kimi müxtəlif istiqamətləri əhatə edir.

Azərbaycanın enerji potensialının gələcək inkişafında elektrik enerjisinin istehsalı, ötürülməsi və ixracı ayrıca istiqamət kimi qeyd olunub. Mövcud enerji ehtiyatlarının rəqəmsal iqtisadiyyatın, data mərkəzlərinin və süni intellekt texnologiyalarının inkişafı üçün istifadə edilməsi imkanlarına diqqət çəkilib. Bərpaolunan enerji sahəsində artıq 250 meqavatlıq ehtiyatın mövcud olduğu, lakin bunun başlanğıc mərhələsi olduğu bildirilib. Elektrik enerjisinin, xüsusilə Avropanın enerji bazarlarına ixracının enerji təhlükəsizliyinin və regional bağlantıların möhkəmləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

Azərbaycan–Mərkəzi Asiya–Avropa enerji bağlantılarının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi, həmçinin Azərbaycanı Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji bazarlarına bağlaması nəzərdə tutulan Qara dəniz kabeli mühüm infrastruktur layihələri kimi təqdim olunub.

Daxili iqtisadi prioritetlər sırasında ərzaq təhlükəsizliyi də mühüm yer tutur. Çıxışda su qıtlığı və digər amillərin kənd təsərrüfatı sahəsində əlavə tədbirlərin həyata keçirilməsini zəruri etdiyi bildirilib. Əsasən idxaldan asılılığın azaldılması məqsədilə 2026-cı ilin may ayında dövlət proqramının qəbul edildiyi qeyd olunub. Quraqlıq, yanacaq təminatı və təchizat zəncirlərində mümkün məhdudiyyətlər nəzərə alınmaqla kənd təsərrüfatı sahəsi həm daxili ərzaq təhlükəsizliyi, həm də yerli və xarici investisiyalar üçün potensial istiqamətlərdən biri kimi göstərilib.

Azərbaycanın daxili infrastruktur imkanlarının genişləndirilməsi investisiya mühitinin mühüm komponentlərindən biri kimi təqdim olunub. Ölkənin elektrik enerjisi, genişzolaqlı internet və qazlaşdırma infrastrukturu ilə əhatə olunması, doqquz beynəlxalq hava limanının mövcudluğu və dəniz limanının genişləndirilməsi nəqliyyat və kommunal infrastrukturun əsas elementləri kimi qeyd edilib. Bununla yanaşı, gələcək inkişaf üçün yalnız fiziki infrastrukturun deyil, rəqəmsal infrastrukturun və gömrük inzibatçılığının da təkmilləşdirilməsi zəruri hesab olunur. Yüklərin daha sürətli və səmərəli idarə edilməsi Azərbaycanın regional logistika rəqabət qabiliyyətinin əsas şərtlərindən biri kimi göstərilib.

Forum çərçivəsində müxtəlif yerli və beynəlxalq şirkətlərlə enerji, texnologiya, investisiya, hasilat və strateji tərəfdaşlıq üzrə sənədlərin imzalanması Azərbaycanın beynəlxalq biznes əməkdaşlığının müxtəlif istiqamətlər üzrə davam etdiyini göstərir. Rəsmi məlumatlaraa əsasən, sənədlər arasında “Abşeron” yatağının tammiqyaslı işlənməsi, Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogenlərin kəşfiyyatı, rəqəmsal texnologiyalar, enerji təhlükəsizliyi və digər sahələr üzrə razılaşmalar yer alıb.

Paylaş