Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci: Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci: Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası

Günay Xıdırova

Həkim-laborant, YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Azərbaycanın enerji diplomatiyası bu gün, sadəcə, bir ölkənin iqtisadi maraqlarını deyil, bütöv bir qitənin enerji təhlükəsizliyini təmin edən strateji sütuna çevrilib. Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi, həm də qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mesajlarla zəngin oldu.

Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır.  Dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Həmçinin ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynadı. 

Bu gün Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya təchizatının arealı ildən-ilə genişlənir. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb.