COP29-un uğurlu nəticələri: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Prezident İlham Əliyev ölkəmizdə keçirilən möhtəşəm tədbirin açılışına bu sözlərlə başladı: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”. Dövlətimizin başçısı yekun nitqində COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırdı: “Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.
Beləliklə, Azərbaycan COP29-a ən yüksək və nümunəvi şəkildə ev sahibliyi etdi. Tədbir günlərində hər hansı xoşagəlməz hadisə baş vermədi. Ümumilikdə isə COP29-un ən yüksək səviyyədə keçirilməsi, bu tədbirdə iştirak etmək üçün 200-ə yaxın ölkənin nümayəndələrinin, 80-dən çox prezident, vitse-prezident və baş nazirin Azərbaycana gəlməsi antiazərbaycançı qüvvələrin növbəti məğlubiyyəti oldu. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
COP29-dan əvvəl antiazərbaycançı şəbəkənin qarşısına bu mötəbər tədbir dövründə bütün vasitələrdən istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq, COP29-un dövlətlər tərəfindən boykot edilməsi vəzifəsi qoyulmuşdu. Bunun səbəblərindən biri onların COP29-un Azərbaycanda keçirilməsini qəbul edə bilməmələri idi. Çünki anlayırdılar ki, COP29 Azərbaycanın qlobal nüfuzunu və dostlarının sayını artıracaq, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcəkdir.
İkincisi, Azərbaycanı hədəfə alan Qərb dairələri düşünürdülər ki, bununla ölkəmizə təsir edərək Ermənistanla tələm-tələsik və yarımçıq sülh müqaviləsinin bağlanmasına nail ola bilərlər. Qərbin məkri ölkəmizə təzyiq etməklə həm də Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş canilərin həbsdən azad edilməsinə nail olmaq, Qarabağda yenidən erməni separatizmini alovlandırmaq, Cənubi Qafqazda gərginlik yaratmaq idi. Lakin onların bu niyyətlərinin heç biri həyata keçmədi və keçə də bilməzdi. Özləri də bir daha əmin oldular ki, Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil.
Azərbaycanın uğurlu nəticəyə əvvəlcədən də əmin olduğu COP29 sessiyasının keçirildiyi iki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29-un nailiyyətləri sırasında COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT), “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası” xüsusi qeyd olunmalıdır. Tərəflərin enerji üzrə götürdükləri öhdəliklər və bəyanatlar, o cümlədən, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı” mühüm əhəmiyyətə malikdir.
COP29-da “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, şəhərlərdə iqlim problemlərini həll etmək üçün çoxsahəli əməkdaşlığı və bütün şəhər iqlimi şəraitində uyğunluq yaratmaq və şəhər iqliminin maliyyələşdirilməsinin sürətləndirilməsi təşəbbüsünü inkişaf etdirməyi hədəfləyən “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, turizm sektorunda davamlılığın artırılması yolu ilə dayanıqlılıq təcrübələrini təşviq edəcək “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsi”, UNEP, UNECE və WMO-nun dəstəyi ilə hazırlanmış olan “COP29 İqlim Fəaliyyəti üçün Su Üzrə Bəyannamə” qəbul olundu.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
Həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək.
Doğrudur, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etməyi hədəf seçib. Ancaq müzakirələr ilkin olaraq 200 milyard dollar ətrafında gedirdi. Buna baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. O da başa düşüləndir ki, Qərb Azərbaycana təzyiq göstərməklə həm də iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr bunu bir daha təsdiq etdi. Belə ki, beynəlxalq ictimaiyyət dünyanı karbon qazı ilə zəhərləyən Qərbdən 1 trilyon ABŞ dolları gözlədiyi halda Qərb bir neçə dəfə az vəsaitlə ortaya çıxdı. Bunu isə məqsədyönlü şəkildə tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın.
Beləliklə, dünyanı karbon qazı ilə zəhərləyən Qərb bu problemlə mübarizədə də riyakarlıq nümayiş etdirdi. Bu riyakarlığı ifşa edən Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.
Dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım etdi. Paylaşımda qeyd edildiyi kimi, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu və iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.