Çempionların yüksək mənəvi keyfiyyətləri, təmkinli və ləyaqətli davranışı cəmiyyət üçün örnəkdir

Çempionların yüksək mənəvi keyfiyyətləri, təmkinli və ləyaqətli davranışı cəmiyyət üçün örnəkdir

Lalə Sadıqova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının kadrlar üzrə mütəxəssisi

Görüş zamanı milli komandada hökm sürən yüksək ruh yüksəkliyi və birlik mühiti də xüsusi qeyd olundu. Dövlət başçısı bildirdi ki, idmançılar vahid ailə kimi bir-birinin uğuruna sevinir, bu isə komanda ruhunun güclü olduğunu göstərir. Belə sağlam mühit böyük qələbələrin əsas şərtlərindən biridir. Prezident İlham Əliyev idmançıların davranış məsələsinə də toxunaraq onların həm yarış meydanında, həm də gündəlik həyatda nümunəvi olmalarının vacibliyini vurğuladı. 

Prezidentin sözlərinə görə, çempionların yüksək mənəvi keyfiyyətləri, təmkinli və ləyaqətli davranışı cəmiyyət üçün örnəkdir. Hətta çətin və ədalətsiz qərarlarla qarşılaşdıqda belə, idmançılar öz səviyyələrini qorumalıdırlar. Bu, Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir.

Dövlət başçısı həmçinin qeyd etdi ki, bəzən Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı qərəzli yanaşmalar müşahidə olunur. Buna baxmayaraq, idmançılarımız öz gücləri və peşəkarlıqları hesabına bütün maneələri dəf edərək qələbə qazanırlar. Bu isə onların əzmini və dözümlülüyünü bir daha nümayiş etdirir.

Güləşçilər də öz növbələrində göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, dövlətin və xalqın dəstəyi onlara daha böyük ruh yüksəkliyi verir. İdmançılar gələcək yarışlarda da Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq üçün əllərindən gələni edəcəklərinə söz vermişlər.

Sonda Prezident idmançılarla görüşlərin müntəzəm xarakter daşıdığını bildirərək qeyd etdi ki, uzun illər ərzində Azərbaycan idmanının inkişafı onun diqqət mərkəzində olub. Bu müddət ərzində bir neçə nəsil idmançı yetişib və hər biri ölkəyə yeni uğurlar qazandırıb. Nəsillər dəyişsə də, Azərbaycan idmanının qələbə ənənəsi dəyişməz olaraq qalır.