Cənubi Qafqazda iki dost, strateji müttəfiq ölkə: Gürcüstan və Azərbaycanın nümunəvi əməkdaşlıq modeli
Nərminə İsmayılova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri
Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir və bu gün də bu əlaqələr uğurla davam etdirilir. Bu gün Cənubi Qafqaz sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və Azərbaycan qonşu ölkələrlə münasibətlərin möhkəmlənməsində, sülh və sabitlik çərçivəsində davam etdirilməsində maraqlıdır. Təsadüfi deyil ki, Azərbaycan və Gürcüstan Orta Dəhliz çərçivəsində əsas tranzit ölkələr kimi çıxış edir. Azərbaycanın Xəzər dənizi üzərindən Orta Asiya ilə əlaqələri, Gürcüstanın isə Qara dənizə çıxışı bu marşrutun əhəmiyyətini artırır. Bakı və Tbilisinin birgə reallaşdırdığı layihələr, enerji ixracı və tranzit imkanları regionun iqtisadi xəritəsində mühüm rol oynayır. Hər iki ölkə gələcəkdə də bu əməkdaşlığı davam etdirmək və yeni uğurlara imza atmağı hədəfləyib və ikitərəfli görüşlər, səfərlər buna hesablanıb.
Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür və birgə boru kəmərləri layihələri (BTC, BTƏ) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, bu iki ölkə strateji tərəfdaşdır, hərbi-siyasi, iqtisadi sahələrdə yüksək səviyyəli əməkdaşlıq edir, bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstək verir, beynəlxalq müstəvidə bir-birini dəstəkləyir. Hazırda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və s. əhatə edir. İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir.
Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.
Fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, Azərbaycan-Gürcüstan münasibətləri regional inkişafa xidmət edir və düşünülmüş siyasətin, qarşılıqlı hörmətin və ortaq maraqların nəticəsidir. Məhz bu səbəbdən Azərbaycan və Gürcüstan regionda sabitliyin və əməkdaşlığın aparıcı qüvvələri kimi çıxış edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib.
Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu mənada, cənab Prezidentin Gürcüstana səfərini də Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının yeni mərhələsi hesab etmək olar.
Əminliklə deyə bilərik ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün region üçün nümunəvi əməkdaşlıq modelidir. Qarşılıqlı inam, ortaq maraqlar və dostluq prinsipləri üzərində qurulan əlaqələr gələcəkdə də genişlənəcəkdir.