Bu ilki büdcəmiz 36 milyard manatdan çoxdur
Mehriban Həbibova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü il iyul ayının 11-də cari ilin 6 ayının sosial iqtisadi inkişafının yekunlarına dair müşavirə keçirildi. Bu il iqtisadi sahədə əsas inkişaf sahələrinin ölkəmizin dayanıqlı yüksəlişinin təmin olunması, qeyri neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahədə islahatların aparılmalı olmasından danışıb.
Çıxışda bildirilib ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatda xeyli irəliləyişlər əldə olunub. Bununla yanaşı maliyyə vəziyyətimiz də gözəçarpan dərəcədə yaxşılaşıb. Bunun səbəbləri: maliyyə sektorunda nizam – intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi olub.
Prezidentimiz dövlət büdcəsi haqqında da məlumat verib: “ Bizim bu ilki büdcəmiz 36 milyard manatdan çoxdur, əlbəttə bu bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, azad edilmiş torpaqlarda geniş quruculuq işlərini davam etdirək, həm də hərbi gücümüzü artıraq.
Manatın məzənnəsinin sabit qalması, xarici ticarətin durmadan inkişaf etməsi, minimum əmək haqları, pensiyaların artırılması haqqında da danışılıb. İnfilyasiya göstəricisinin ikirəqəmlidən birrəqəmliyə salınmasının isə gələcək hədəflərdən olduğu göstərilib.
Keçmiş məcburi köçkünlərin Qarabağa qaytarılması haqqında isə bəzi məsələlər vurğulanıb. Qarabağ və Zəngəzurda quruculuq işləri , bütün ölkə üzrə sənayenin inkişafı, şəffaflığın təmin olunmasına ciddi nəzarətin lazım olduğu qeyd edilib.
Prezident öz çıxışında dünyadakı siyasi vəziyyət, beynəlxalq hüququn pozulması, ölkəmizin daima ədalətin tərəfdarı olduğunu vurğulayıb, ancaq bununla belə bizim hərbi gücümüzün artırılmasının labüd olduğunu, azad edilmiş torpaqlara qoyulan maliyyə vəsaiti qədər vəsaitin hərbi gücümüzün artırılmasına qoyulacağını göstərib. Azərbaycan xalqının rahat yaşayışının əsas şərt olduğu, Ermənistanın sülh danışıqları prossesində müsbət irəliləyiş nümayiş etdirdiyi qeyd edilib.
Nəqliyyat, gəmiqayırma, ekologiyanın qorunması, neft sənayesinin və yaşıl enerjinin inkişafından da ətraflı danışılıb. Təbii sərvətlərin istifadəsi zamanı ekologiyanın qorunmasının, insanların sağlamlığının öndə tutulmasının vacib olduğu vurğulanıb.
Müşavirədə “Abşeron” və “Şahdəniz” qaz yataqlarının uğurla istifadəsi haqqında da geniş məlumat verilib.
Ölkəmizin siyasi, iqtisadi, sosial inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir, bunun üçün biz ölkə başçımıza dərin minnətdarlıq hissimizi çatdırırıq və bu inkişafın, tərəqqinin daimi olacağına əminik.