Bu gün Şuşa yenidən doğulur

Bu gün Şuşa yenidən doğulur

Nəsib İsmayılov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu,  Bülbülə  Bələdiyyəsinin  sədri

Bu gün təqvimin sadə bir səhifəsi deyil. Bu gün xalqımızın şərəf, qürur və zəfər salnaməsinin ən parlaq nöqtəsi – 8 Noyabr - Şuşa Şəhəri Günüdür! Şuşa sadəcə bir şəhər, bir coğrafi məkan deyil. Şuşa Azərbaycanın döyünən ürəyi, mədəniyyətimizin beşiyi, milli mənliyimizin və sınmaz ruhumuzun rəmzidir. Şuşa Xan qızı Natəvanın qəzəli, Üzeyir bəyin ucalan ulu uverturası, Bülbülün cingiltili zənguləsi, Xan Şuşinskinin yanğılı səsidir.

30 ilə yaxın bir müddətdə Şuşasız qalan ruhumuz natamam idi. Lakin biz heç vaxt ümidimizi itirmədik. 2020-ci ilin payızında Azərbaycan xalqı adını tarixə qızıl hərflərlə yazdı. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu mümkünsüz görünəni reallığa çevirdi. Ali Baş Komandanın qətiyyəti, dəmir iradəsi və cəsarətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Qəhrəman əsgər və zabitlərimiz mümkünsüzü mümkün edərək, yalçın qayaları fəth etdilər və Şuşada müqəddəs üçrəngli bayrağımızı uçaltdılar.

Hərbi tariximizə əbədi həkk olunan Şuşa əməliyyatı qəhrəmanlığın, hərbi taktikanın və şücaətin zirvəsi oldu. Cəsur hərbçilərimiz heç bir ağır texnikadan istifadə etmədən, yalnız yüngül silahlar, dəmir iradə və Vətən sevgisi ilə sıldırımlı qayaları dırmaşaraq, düşməni darmadağın etdilər.

8 Noyabrda Şuşanın azad edilməsi xəbəri bütün Azərbaycan xalqını ayağa qaldırdı. Həmin gün hər birimizin gözündə sevinc yaşı, qəlbində isə sonsuz bir qürur hissi vardı. Şuşanın azad olunması Vətən müharibəsinin taleyini həll etdi və qələbəmizi taclandırdı.

Şuşanın azad olunması Şanlı Zəfərimizin tacı, Vətən müharibəsinin zirvəsi oldu. Bu zəfər bizim birliyimizin, milli həmrəyliyimizin və yenilməz iradəmizin təntənəsidir.

Bu gün Şuşa yenidən doğulur. Dağıdılmış abidələrimiz bərpa olunur, küçələrimizdə yenidən şaqraq uşaq səsləri, muğam sədaları ucalır. Cıdır düzü yenidən tarixi günlərinə, büsatına qayıdıb. Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının və regionun mədəniyyət mərkəzinə çevrilir.

Bu tarixi gündə Şuşaya azadlıq bəxş edən, bu torpaq uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qarşısında baş əyirik! Sağlamlığını Vətən yolunda fəda edən qazilərimizə möhkəm cansağlığı və minnətdarlığımızı bildiririk.

Zəfərimiz əbədi, Şuşamız daim azad və abad olsun!

Şuşa Şəhəri Gününüz mübarək olsun!

Paylaş