Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

Şəfa Əhmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi 

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Açılış mərasimində iştirak edən qonaqlarla görüşən dövlət başçısı onlarla söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyətini vurğulayıb, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə də toxunub. İşlərin qısa müddət ərzində yekunlaşmasını məmnunluqla qeyd edib.

Dövlət başçısı İlham Əliyev öz çıxışında qeyd edib ki,“8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin energetika sahəsində əlamətdar bir hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.

Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə olan bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da möhkəmləndirəcək.

 Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir.

Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu.Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər.

"8 Noyabr"Elektrik Stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik. İlham Əliyev çıxışında onu da qeyd etdi ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya və Çinlə ayrılıqda iki bəyannamə imzalanmışdır və onun bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir.

“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd edildiyi kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi.

Məqsəd bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Onu da əminliklə demək lazımdır ki,bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq.Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.

Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı dövlət başçısı özü seçdi.Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Çıxışının sonunda İlham Əliyev bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağını əminliklə vurğuladı.