Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
21 dekabr 2023-cü il tarixi Xankəndidə bütün Azərbaycan xalqının sevincinə səbəb olan unudulmaz hadisə baş vermişdir. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilmişdir. Azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının “MOİK” komandaları arasında oyun keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi. Prezident İlham Əliyev ilk dəfə işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildiyinə görə Azərbaycan xalqını təbrik etdi. Həmçinin qəhrəman şəhidlərimizin uşaqlarını, ailə üzvlərini salamladıqdan sonra çıxışına davam edən ölkə prezidenti İlham Əliyev vurğuladı ki, bu futbol matçının Xankəndində keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.
Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdir. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanslı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Ölkəmizin prezidenti cənab İlham Əliyev bildirmişdi ki, işğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl-İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmişdi.
Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl -sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağını ucaltdığını prezident İlham Əliyev bildirdi. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!
Yaşasın Qarabağ!
Yaşasın Şanlı Ordumuz!
Qarabağ Azərbaycandır!