BRICS yeni nəhəng iqtisadi güc mərkəzinə çevrilib

BRICS yeni  nəhəng iqtisadi güc mərkəzinə çevrilib

Gülşən Yusubova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi

Azərbaycan bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu, fəxri qonaq kimi iştirak edir. Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallığı təsdiqləyir. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

XVI BRICS Sammitinin “Outreach” formatında keçirilən iclası BRICS ölkələri ilə digər inkişaf etməkdə olan ölkələr arasında daha geniş dialoqun və əməkdaşlığın qurulmasına imkan yaratdı. Bu çərçivədə cənab İlham Əliyev Azərbaycanın regional sabitlik və iqtisadi inkişafda oynadığı rolu qeyd edərək bildirdi ki, ölkəmizin coğrafi mövqeyi, enerji resursları və nəqliyyat infrastrukturu onu beynəlxalq əməkdaşlıqda strateji mərkəz halına gətirir.

Dövlət başçısı Azərbaycanın BRICS+ platformasında iştirakı ilə bağlı ölkəmizin inkişafını dəstəkləyən bir neçə əsas prioriteti təqdim etdi. Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı. Azərbaycan Prezidenti, BRICS+ çərçivəsində iqtisadi və siyasi məsələlərin müzakirə olunmasının, həmçinin iştirakçı ölkələr arasında dostluq və işbirliyinin güclənməsinin vacib olduğunu bildirdi.

Digər tərəfdən, BRİKS-in özü bir sıra mühüm səbəblərə görə, ilk növbədə, ölkənin coğrafi mövqeyinə və oradan keçən logistika marşrutlarına görə Azərbaycana ehtiyac duyur. Ölkəmizin kluba daxil olması onu bu quruma daxil olan və qoşulmağı planlaşdıran dövlətlərin, xüsusilə Asiya və ərəb ölkələrinin birbaşa strateji tərəfdaşına çevirəcək. Çünki Azərbaycan müəyyən mənada BRİKS ilə bir sıra ərəb və müsəlman ölkələri arasında körpü rolunu oynamaq imkanına malikdir. Ona görə də BRİKS həm də ərəb və islam dünyası ilə münasibətlərin daha yüksək səviyyədə təşəkkül tapması üçün Azərbaycanın potensialını yüksək dəyərləndirir.

Azərbaycan çoxtərəfli diplomatiyanı həyata keçirir: “Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Öncə regional çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycan sonrakı dövrlərdə münasibətlərin daha geniş coğrafiyanı əhatə etməsinə səy göstərdi. Cənab İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə  tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.