BÖYÜK QAYIDIŞ KƏLBƏCƏRDƏN DƏ YAN KEÇMƏYƏCƏK
Rəna Mehdiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 149 saylı Körpələr Evi və Uşaq Bağçasının musiqi rəhbəri
25 noyabr Kəlbəcərin azad edildiyi gündür. Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 3 il vaxt keçir. 2020-ci ilin 25 noyabrında Kəlbəcər 10 noyabr müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycana qaytarıldı və kəlbəcərlilər öz dədə-baba yurdlarına getmək imkanı qazandılar.
Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Ermənistanın Azərbaycanın torpaqlarını işğal edən zaman ciddi hərbi cinayətlərə də yol verdiyi hər kəsə məlumdur.
10 noyabr 2020-ci il tarixiidə Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu, təbii ki, Vətən müharibəsində əldə etdiyimiz Qələbənin nəticəsi idi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Kəlbəcər işğaldan azad olunandan sonra digər rayonlarımızda olduğu kimi burada da yenidənqurma işlərinə başlanılmışdır. Bu layihələr haqqında məlumatı təqdim edirik: Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Həyata keçirilən layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə birləşdirir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.
Artıq Kəlbəcərdə aqrar sahənin da ilkin nümunələri uğurla realizə olunur. Ötən ildən etibarən heyvandarlıq və arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarına çıxarılır. Bu yaylaqlar son dərəcə zəngin bitki örtüyünə, yem ehtiyatına malik olduğu üçün vaxtilə 30-dan çox rayonda fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. Kəlbəcər rayonu həm də Azərbaycanın ən gözəl təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə təkrarolunmaz təbiət incisidir. Bütün bu sadaladığım zənginliklər Kəlbəcəri turizmin ən cazibədar ünvanına çevirməyə imkan verir.
Göründüyü kimi, işğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi doğma yurdlarımızın bərpa olunması və tezliklə keçmiş məcburi köçkünlərin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması üçün gecə-gündüz əzmlə çalışır.