Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Rəsmiyyə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycanın müasir dünya nizamında, beynəlxalq münasibətlər sistemində və enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol hazırda yenidən formalaşmaqda olan qlobal enerji arxitekturasında xüsusilə önəm kəsb etməkdədir. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib
Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin önəmli hissəsini yaşıl gündəlik təşkil edir. Bu gündəlik əsasən enerji effektivliyi, alternativ enerji mənbələrinin inkişafı, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində atılacaq addımları əhatə edir. Yaşıl gündəlik həm yerli, həm də beynəlxalq əməkdaşlığı təşviq edir və uzunmüddətli ekoloji dayanıqlığın təmin olunmasına xidmət edir. Bakıda toplanan dünya dövlətlərinin nümayəndələri, Avropa Komissiyasının rəsmiləri və beynəlxalq enerji ictimaiyyətinin təmsilçiləri Azərbaycanın enerji diplomatiyasının uğurlarını və perspektivlərini müzakirə edərkən, dövlətimizin qlobal miqyasda cərəyan edən iqtisadi-siyasi proseslərin mərkəzində dayanan vacib dövlətlərdən olduğunu bir daha bəyan etdilər.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı belə vurğulayıb: “Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.
Cənab İlham Əliyevin tədbirdə səsləndirdiyi “Biz 12 ölkəyə qaz tədarük edirik” fikri artıq geridə qalan mərhələni ifadə edir. Çünki hazırda Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı 16-ya yüksəlib və bu göstərici ölkəmizi boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər sırasında öncül mövqeyə çıxarıb. Eyni zamanda, Azərbaycan enerji strategiyasını yalnız qazla məhdudlaşdırmır. Yaşıl enerji gündəliyi artıq konkret müqavilələrlə müşayiət olunur. 240 meqavat gücündə külək elektrik stansiyasının və 230 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi, 2032-ci ilə qədər 6-8 giqavat bərpaolunan enerji gücünün yaradılması planı ölkənin paralel enerji transformasiyasına sadiqliyini göstərir. Məqsəd sadə və praqmatikdir: daxili istehlakda qazın payını azaltmaq, ixrac imkanlarını artırmaq və sənaye inkişafı üçün dayanıqlı enerji bazası formalaşdırmaq.
Dünyanın ən qüdrətli dövləti ABŞ-nin strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək", - Prezident İlham Əliyev əlavə edib. Prezident İlham Əliyevin bu mötəbər tədbirdəki proqram xarakterli çıxışı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu və gələcək hədəflərini tam dolğunluğu ilə əks etdirdi. Dövlət başçısının "Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" bəyanatı sadəcə bir niyyət deyil, eyni zamanda dəqiq hesablanmış dövlət siyasətinin əməli nəticəsidir. Cənab İlham Əliyev çıxışında "Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik" fəlsəfəsi Azərbaycanın iqtisadi inkişafı ilə ekoloji balansın qorunması arasındakı harmoniyanın əsasını təşkil edir. Bu çıxış sadəcə bir ölkənin uğurlarını deyil, bəşəriyyətin gələcəyi üçün vacib olan məsuliyyət hissini əks etdirir.
Yekun olaraq qeyd etmək olar ki, Bakı iclasları və orada səslənən fikirlər Azərbaycanın gələcək onilliklərdəki inkişafının "yaşıl rəng" üzərində qurulacağını bir daha təsdiq etdi. Bizim məqsədimiz aydındır: güclü iqtisadiyyat, etibarlı enerji təchizatı və təmiz bir gələcək. Bu üç amil Azərbaycanın yeni erasının təməl prinsipləridir və Prezidentin çıxışı bu təməlin nə qədər sarsılmaz olduğunu bir daha göstərdi. Dünya birliyi əmindir ki, Azərbaycan verdiyi vədlərə hər zaman sadiqdir və planetimizin rifahı üçün öz töhfəsini verməyə davam edəcəkdir.