Birlikdən güc doğar, yaxud biz birlikdə güclüyük!
Nurlan Qələndərov
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Mütəəssir olmuşuq - könül, amal və əməl birliyinin təntənəsini yaşadığımız qardaşımızın evində - Türkiyə adlı şanlı məmləkətimizdə insanların və ümidlərin dağıntılar altında qaldığı, kədərli baxışların yarımçıq taleləri əvəzlədiyi, təlaşlı və həyəcanlı saniyələrin dəqiqələri qovduğu və anın zamanla yarışdığı taleyüklü məqamda... Üzüldük, sıxıldıq, qüssələndik, amma... Həm də qürurlandıq - dost əlimizi qardaşımıza uzatdığımız, sevincimizin və kədərimizin bir olduğunu növbəti dəfə özümüzə təsdiq, dünyaya sübut etdiyimiz zaman...
Nəhayətsiz iftixarla və məxsusi ixtiyarla, titrək, amma gur səslə "Azərbaycan oyaqdır, qardaşına dayaqdır" dedik və etdik! Hər zamankı kimi... Həmişə belə olub - nə ilk, nə də sondur! Şahidimiz tarixdir - bir millətin iki dövlətinin iki canda tək ürək olmasına...
Yaxın və uzaq tariximizə dair əlahəzrət faktlar təsdiqləyir ki, sınaqlardan şərəflə çıxaraq “bir millət, iki dövlət” şüarının (söz və əməl birliyinin) ruhuna sadiqliyimizi təsdiq etmişik:
- 44 günlük Vətən müharibəsi "Azərbaycan daim Türkiyənin yanındadır!" ,- deyə inamla və qətiyyətlə vurğulayan Azərbaycanla "Can Azərbaycanı heç vaxt yalnız buraxmarıq!" söyləyən Türkiyənin müdhiş birliyinin - daşlaşmış həmrəyliyinin tarixi simvoluna çevrildi. Qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanı 30 il hərbi-siyasi əsarətdə qalmış torpaqlarını azad - xilas etməyə ruhlandırdı, inam, əzm və güc verdi. Yeri gəlmişkən, biz türklər – həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ata sözü – ata nəsihəti və vəsiyyəti müqəddəsdir, əcdadlarımıza sonsuz sayğı, övladlarımıza qayğı, keçmişə hörmət və ehtiram, gələcəyə inam və ümiddir. Cənab İlham Əliyev taleyüklü məsələləri həll etdi, ata vəsiyyətini – müqəddəs siyasi missiyanı yerinə yetirərək Əziz Şuşanın, doğma Qarabağın işğaldan azad edilməsinə müvəffəq olmaq xoşbəxtliyini yaşadı və yaşatdı - hər birimizə, hamımıza. Qürur duyuruq!
- Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş Günündə - 15 iyun 2021-ci ildə (və möhtəşəm Qələbəmizdən 7 ay sonra) Azərbaycan ilə Türkiyənin müştərək şanlı tarixinin ən uca məqamında - Şuşa zirvəsində Müttəfiqlik haqqında Bəyannamənin imzalanmasını fövqəladə bəxtiyarlıq, fərəh və məmnunluq, qürur və həyəcan hissi ilə xatırlayırıq. Bu həm də qarşılıqlı inam və güvənin, gələcəyə aydın strateji baxışın ifadəsidir. Qars müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu təsdiqlədik. Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verildi;
- 9 ay bundan öncə, 28 may – Müstəqillik Günü ərəfəsində Türkiyə-Azərbaycan əbədi dostluğunun, qardaşlığının və müttəfiqliyinin daha bir möhtəşəm nümunəsinə şahidlik etmədikmi? Etdik! Söhbət “TEKNOFEST Azərbaycan” festivalı zamanı iki ölkənin əzəmətlə və təntənəli şəkildə Bakı səmasından dünyaya siyasi-diplomatik, dostluq və qardaşlıq mesajları verməsindən gedir. Şərqdə ilk parlamentli və demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünü - Müstəqillik Gününü istiqlal ideyasına könüldən - ruhən bağlı olan Azərbaycan və Türkiyə birlikdə - məğrurcasına və çiyin-çiyinə qeyd etdi. Ortaq siyasi iradə və birgə fəaliyyət nəticəsində zirvələr fəth edən iki dost, qardaş və müttəfiq ölkə daha bir ilkə imza atmış oldu;
- 31 il öncə... yenə də tarixin və təqvimin 28 May günü Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən, əbədiyyətə qədər sürəcək birliyimizin bariz nümunəsinə çevrilən hadisəyə şahidlik edir - Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində... 1992-ci il mayın 28-də “Ümid” körpüsü açılır: iki qardaş хalqın qоvuşması üçün həm yurddan-yurda, həm də könüldən-könülə körpü inşa edilir. Heydər Əliyevin bu təşəbbüsü təkcə ağır blokada vəziyyətində olan Naxçıvanın yaşaması üçün əhəmiyyətli deyildi. “Ümid” həm də qardaşların həmrəylik rəmzinə, Türk dünyası üçün qürur yerinə - ümid mənbəyinə çevrildi. “Ümid”in inşası ilə Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bir daha öz təsdiqini tapdı, Azərbaycan-Türkiyə əbədi dostluğu və qardaşlığı “Ümid”lə və iftixarla əbədiləşdirildi.
Çiyin-çiyinə addımladığımız qardaşlıq tariximiz ibrətamiz hadisələr və ibrət dərsləri ilə zəngindir. İftixarla xatırlayır, ehtiramla yad edirik: şanlı tariximizin parlaq səhifələri, Qələbə dastanı – qəhrəmanlıq salnaməsi olan Çanaqqala və Qarabağ zəfərlərini. Həm Çanaqqala döyüşlərində, həm də İkinci Qarabağ savaşında 3 mindən çox azərbaycanlının şəhidlik zirvəsinə yüksəlməsi təsadüfdürmü? Əsla! Bu, qardaşlıq zərurətidir. Bu gün ölkəmizdə Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canlarını qurban vermiş 1300-ə yaxın Qafqaz İslam Ordusu döyüşçüsünün xatirəsinə ucaldılmış abidə - Türk Şəhidliyi şanlı tariximizin və taleyimizin əzəmətli simvollarındandır. Əminik: Şamaxıda adsız məzarlıqda uyuyan şəhidlərimizin də ruhu şaddır... Və bunlar ortaq keçmişə malik xalqlarımızın, bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin müqəddəs and yerləri – qürur məkanlarıdır. Biz siyasətdə olduğu kimi, mənəviyyatda – ali və müqəddəs məqamlarda da vəhdətdəyik!
Könül, amal və əməl birliyimizi əks etdirən, uzun müddət - əsrlər boyu danılışacaq, unudulmayacaq və iftixarla öyünüləcək bu hadisələr qardaşlığımızın milli qürur anı – dostluğun və müttəfiqliyin ali mərtəbəsidir. Bu reallıqlar iradəmizi, gücümüzü – qüdrətimizi ortaya qoyur, istənilən hədəfə birlikdə çatmaq, o cümlədən "əsrin fəlakəti" adlandırılan zəlzələ sınağından şərəflə, mətinliklə çıxmaq əzmində və iqtidarında olduğumuzu göstərir.
Bəli, birlikdən güc doğar! Bu gün Zəfər yolunun Şuşa zirvəsində ay-ulduzlu bayraqlarımız Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin rəmzi kimi əzəmətlə dalğalanır, hər birimizə, o cümlədən dostlarımıza, tərəfdaşlarımıza, dünyanın dörd bir yanında məskən salmış – qərar tutmuş Azərbaycan və Türkiyəsevərlərə sonsuz qürur yaşadır. Bu, həm də iki qardaşın müqəddəs Vətən, vahid amal uğrunda həmrəy və səfərbər olduğunu göstərir. Ali dəyərlərimiz, müqəddəs amallarımız üçün (və bir-birimiz naminə) can verməyə, bütün sınaqlardan əzmlə və şərəflə çıxmağa hazırıq! Zəfər himninə çevrilmiş İstiqlal marşlarımız da bu inkaredilməz həqiqəti ifadə edir: “Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!”... Və “Korkma! Sönmez bu şafaklarda yüzen al sancak! Sönmeden yurdumun üstünde tüten en son ocak”.
Bəli, iki dost, qardaş və müttəfiq ölkə - Azərbaycan və Türkiyə daim birlikdədir. Çünki birlikdə güclüyük! Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik... bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”. Şəkk-şübhə yoxdur!