Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət edilmişdir
19 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Birinci Qarabağ müharibəsi şəhidi Kadil Mikayılovun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. 1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Şəhidlər Xiyabanında müqəddəs Vətən torpağına tapşırılmış Kadil Mikayılovun həyat yoldaşı Rəhiməxanım Mikayılova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.
Ziyarət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hər bir şəhid ailəsinin dövlətin, dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etmişdir. Vüqar Seyidov onu da bildirdi ki, Birinci Qarabağ müharibəsində Şəhid və qazi olanlar Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən gənclər üçün böyük nümunə olmuşlar.
Göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanım Əliyeva və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirən Rəhiməxanım Mikayılova Xankəndində Azərbaycan bayrağının dalğalandığını görməyin Şəhid ailələri üçün ən böyük mükafat olduğunu vurğulamışdır.
Qeyd edək ki, Şəhid Kadil Mikayılovun həyat yoldaşı Rəhiməxanım Mikayılovanın səhhəti YAP Suraxanı rayon təşkilatı tərəfindən nəzarətə götürülmüş və ona müalicəsi üçün maddi yardım göstərilmişdir.