“Bir gəncin YAP ilə ilk tanışlıq hekayəsi”

“Bir gəncin YAP ilə ilk tanışlıq hekayəsi”

Sizə qısaca bir gəncin YAP-la tanışlığından bəhs edəcəyəm. Evdə rəsm çəkirdim. Zəng çaldı, qardaşım cavablandırdı, bir qədər keçdikdən sonra mənə səslənərək Aysel, gələn zəng sənədir dedi. Telefondakı qız mənə Yeni Azərbaycan Partiyası haqqında çox maraqlı məlumatlar verərək dedi ki, məcburi deyil, könüllü şəkildə mənə YAP-a üzv olmaqdan, burada olan layihələrin gələcəyimizə olan böyük təsirlərindən danışdı. O qızın səsi mənə səmimiyyətlə deyirdi ki, mən YAP-a qoşulmaqla öz gələcək karyeramı və şəxsi inkişafımı təmin edə bilərəm. O dedi ki, yüksək vəzifəli şəxslərin, deputatların və digər rəsmi şəxslərin ətrafında təcrübə toplaya bilərəm. Sözün düzü inanmamışdım. Sizcə o düz deyirdi?! Məncə düz deyirdi! Çünki cəmi bir neçə aydır ki, könüllü gənc kimi YAP-a qoşulmuşam, indi isə qarşınızda çıxış edirəm.

Həqiqətən səsindəki əzmkarlığı, səmimiliyi məni cəlb edirdi və mən məmmuniyyətlə qəbul etdim. Çünki məktəbdə oxuduğum müddətdə Suraxanı rayonunda həyata keçirilən bir çox layihədə fəal şəkildə iştrak etmişdim. Bu layihələrin bir gəncin həyatında necə həlledici rol oynadığını, onun daha yüksək pillələrə qalxmasında dəstək olduğunu, dünyagörüşünün formalaşdırdığını yaxşı bilirəm. Bu təklifi qəbul etməsəydim özümü bağışlamazdım. Səbəblərim çox idi, ən başlıcası bir partiyanın nümayəndəsinin gənclərə bu qədər qayğı və diqqət göstərməsi, dəyərli vaxtlarını hər bir gəncin məktəbindən şəxsi məlumatlarını almağa, bizimlə ayrı-ayrılıqda zəngləşib əlaqə qurmağa sərf etmələri idi. Digər səbəb isə 7-ci sinifdən YAP-a böyük marağımın yaranması idi. 7-ci sinifdə oxuyanda həyat bilgisi fənnindən “Cəmiyyət və Təşkilatlar” mövzusunu keçəndə ölkəmizdə bir çox partiyalar olmasına baxmayaraq YAP-ın böyük nüfuza malik olmasından söz açıldı. Dərs bitəndən sonra evə gəlib partiyaları araşdırdım. YAP çox seçilirdi. Onların istər uşaq, istər gənc, istərsə də yaşlı nəsilə olan diqqət və qayğısı, təşkilatçılıq etdiyi layihələrlə vətəndaşları vətənpərvər ruhda yetişdirmək üçün əllərindən gələni əsirgəmədikləri mənə kifayət edirdi ki, YAP-ı seçim.

Bir neçə gündən sonra YAP-da canlı şəhidlərimiz olan qazilərimiz ilə görüş baş tutdu və həmin görüşə Suraxanı rayon gənci kimi  dəvət olunmuşdum. Görüş haqqında təəssüratlarımı sözlərə sığdıra bilmərəm. Nəzərinizə çatdırım ki, bu fikirdə olan təkcə mən deyildim. Zalda olan hər kəs mənimlə eyni fikirdə idi. Sadəcə bir cümlə ilə ifadə edə bilərəm ki, o görüşdə iştirak etməyənlər çox şey itirdilər. Qazilərimizlə olan söhbətdə onların nitqindəki həyəcanı, qüruru hiss etdim. Mən özüm də şəhid ailəsinin nümayəndəsiyəm. Əmim Ədalət Nəcəfal oğlu Ələkbərov Birinci Qarabağ Müharibəsi zamanı Suraxanı rayon hərbi komissarlığına könüllü yazılaraq sentyabr ayında Xocavəndin Əmiranlar kəndinə göndərilir. Orada igidliklə vuruşur və oktyabrın 2-si  Xocavəndin işğal olunması ilə əmim itkin düşür. Bir neçə il keçdikdən sonra əmimə şəhidlik statusu verilir. Şəhid ailələrinə, qazilərə və döyüş iştirakçılarına olan diqqəti gördükdə YAP-ı seçdiyim üçün daha da qürur duyuram. Ailəmiz şanlı Zəfər yürüşündə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbə çaldıqları və əmim Ədalət kimi minlərlə Birinci Qarabağ Müharibəsi şəhidlərinin qanını yerdə qoymadıqları üçün qürur duyur.

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, YAP Suraxanı rayon təşkilatının səlahiyyətli nümayəndələrinin gənclərlə mehriban və səmimi davranışı bizim gözümüzdən qaçmırdı. Ən əsası hər bir layihədə qollarını çirmələyib bizimlə birlikdə işləməkdən çəkinmirlər. Partiyanın məsul şəxslərin bu cür davranışı bizə nümunədir. Axı bizim cəmi 18 yaşımız var. Nəyi görürük, onu da götürürük!

Mənim bu gün 18 yaşım tamam olur və mən artıq qarşınızda çıxış etməyə gəlməzdən əvvəl YAP-a rəsmi surətdə müraciət etmişəm. Çox şadam ki, müraciətim qəbul olunub. Mən bütün gənclərimizi Yeni Azərbaycan Partiyasına üzv olmağa dəvət edirəm.

Özüm isə Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi bu ali siyasi qurumun üzvü olmaqdan fəxarət hissi duyuram.

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Aysel Ələkbərzadə