Əziz müəllimlər!
Sizi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı adından səmimi qəlbdən təbrik edir, sizə müqəddəs peşə fəaliyyətinizdə uğurlar arzu edirəm. Bütün sahələrdən olan mütəxəssislərin yetişməsində müstəsna xidmətləri olan cəmiyyətimizin dəyərli nümayəndələri kimi sizlər ölkəmizin inkişafına ali töhfələr verməyə davam edirsiniz. Fəxarət hissi ilə qeyd etmək istərdim ki, YAP Suraxanı rayon təşkilatının çoxminli üzvlərinin böyük əksəriyyətini məhz təhsil işçiləri təşkil etməkdədir. Biz bu amillə qürur duyuruq!
Azərbaycanda ziyalıların yetişməsində, maarifçilik ideyalarının yayılmasında, bütün təbəqələrdən olan insanların bərabər təhsil alması istiqamətində görülən işlərdə tarixi şəxsiyyətlərin fəaliyyəti danılmazdır. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyli və digər maarifçi ziyalılar cəmiyyətimizin tərəqqisinə səbəb olmuşlar.
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi 100-dən artıq ölkə oktyabrın 5-ni müəllimlərin peşə bayramı kimi qeyd edir. Müasir Azərbaycan Respublikasının banisi, təhsil sahəsinin mahir bilicisi Ulu Öndər Heydər Əliyev müəllim haqqında demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Bu ali qiymət və yüksək hörmət nümunəsi hər birimiz üçün xalqımızın inkişafında rol oynayan müəllimlərə qarşı münasibətdə etalon təşkil etməkdədir. Müstəqil Azərbaycanda bu bayramın keçirilməsi də məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı naminə gördüyü işlər gələcək nəsillərin yetişməsinə verilən ən böyük dəyərdir. Bu gün ölkəmizin hər kəndində, hər şəhərində müasir təhsil kompeksləri fəaliyyət göstərməkdədir. Gənclərin təhsildə əldə etdiyi yüksək nailiyyətlər dövlətin bu sahəyə olan qayğısının təzahürüdür.
Dərin hörmətlə,
YAP Suraxanı rayon təşkilatının sədri
Vüqar Seyidov