Bakıdan Daşkəndə Uzanan Strateji Körpü

Bakıdan Daşkəndə Uzanan Strateji Körpü

Emin Quliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 79 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi

Prezident İlham Əliyevin Özbəkistana etdiyi son dövlət səfəri iki qardaş ölkə arasındakı əlaqələrin yeni inkişaf mərhələsinin aydın ifadəsi olmaqla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının sabitlik və inkişaf modelinə çevrilir. Səfər çərçivəsində imzalanan tarihi "Əbədi Dostluq haqqında Müqavilə" Bakı və Daşkənd arasındakı münasibətləri rəsmən çoxşaxəli strateji tərəfdaşlıq zirvəsinə ucaltmışdır. Bu tərəfdaşlıq yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasına mühüm töhfələr verir.
İki ölkə arasında real məzmun kəsb edən konkret layihələr iqtisadi tərəfdaşlığın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Qarşılıqlı ticarət həcminin qısa müddətdə 1 milyard dollara çatdırılması prioritet vəzifə olaraq qarşıya qoyulmuşdur. Bununla yanaşı, enerji və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının artırılması regional müstəqilliyi daha da gücləndirir. Özbəkistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında və yenidən qurulmasında fəal iştirakı isə bu münasibətlərin mənəvi rəmzinə çevrilmişdir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması regionlararası əlaqələrin coğrafiyasını genişləndirərək Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı geosiyasi və loqistik körpü rolunu təsdiqləyir. Özbəkistanla dərinləşən strateji ittifaq isə bu körpünün ən möhkəm sütunudur.
Eyni zamanda, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda sadəcə tərəfdaş deyil, həm də bir-birini şərtləndirən müttəfiqlər kimi çıxış edirlər. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qlobal platformalarda vahid mövqe nümayiş etdirirlər. Bu koordinasiyalı fəaliyyət beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyi maksimum səviyyəyə çatdırır və hər iki dövlətin qlobal nüfuzunu artırır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi baxımdan sarsılmaz təməli mövcuddur. Xalqların qarşılıqlı sevgisi, dövlət başçılarının güclü siyasi iradəsi, təhsil, mədəniyyət, gənclər və idman sahəsindəki yeni birgə layihələr bu təməli daha da möhkəmləndirir. Son dövlət səfəri bir daha sübut etdi ki, Bakı və Daşkənd tərəfindən qurulan bu əməkdaşlıq modeli gələcəkdə yeni iqtisadi, siyasi və humanitar uğurlar üçün ən etibarlı zəmindir.

Paylaş