Bakı və Daşkənd arasında yeni strateji üfüqlər
Hökümə Rəcəbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin təşkilatçısı
Müasir beynəlxalq münasibətlər sistemində ortaq tarixi köklərə, mədəni bağlara və sarsılmaz dostluğa əsaslanan dövlətlərin tərəfdaşlığı regional sabitliyin və inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasındakı əlaqələr bu gün özünün qızıl dövrünü yaşayır. Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində Bakı və Daşkənd arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr çərçivəsindən çıxaraq, strateji müttəfiqlik və real qardaşlıq nümunəsinə çevrilmişdir. Bu gün iki qardaş respublika energetikadan qlobal logistikaya, Qarabağın dirçəlişindən genişmiqyaslı humanitar layihələrə qədər çoxşaxəli bir coğrafiyada gələcəyin böyük addımlarını birlikdə atır.
Energetika və nəqliyyat sahəsindəki əməkdaşlıq Bakı ilə Daşkənd arasındakı əlaqələrin onurğa sütununu təşkil edir. Prezident İlham Əliyev neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə yaxınlaşdıqlarını və gələcəkdə hasilat quyularının qazılmasına başlanmasına ümid etdiyini bildirdi. Nəqliyyat və tranzit sahəsində də böyük perspektivlər mövcuddur. Azərbaycan və Özbəkistan Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq Mərkəzi Asiyanı Azərbaycan üzərindən dünya bazarları ilə birləşdirən nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verə bilər. Xəzər dənizində birgə donanmanın yaradılması istiqamətində işlərin fəallaşdırılması da nəqliyyat-logistika imkanlarının artırılması baxımından diqqətəlayiq təşəbbüsdür.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi istiqamətlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın iştirakıdır. Prezident İlham Əliyev Özbəkistanın Qarabağın dirçəlişinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr iki ölkə arasındakı qardaşlığın real nümunələridir. Bu layihələrin əhəmiyyəti yalnız iqtisadi və sosial nəticələrlə məhdudlaşmır. Onlar Azərbaycan xalqının Qarabağda sülh və quruculuq mərhələsinə keçidinə qardaş Özbəkistanın mənəvi və praktiki dəstəyini nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm sütunlarından biri də humanitar əməkdaşlıqdır. Səfər çərçivəsində Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak edilməsi Azərbaycan mədəniyyətinin və ədəbi irsinin Özbəkistanda yüksək ehtiramla qarşılandığını göstərən mühüm hadisədir. Həmçinin “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması iki xalqın dostluğunun simvolik ifadəsinə çevrilib. İlin sonunadək Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanda ali məktəb rektorlarının forumunun təşkil olunması və Nizami Gəncəvi ilə Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması barədə razılaşmalar mədəni-humanitar əlaqələrin yeni səviyyəyə yüksəldiyini göstərir. Bu əməkdaşlıq iki ölkənin gənc nəslinin bir-birinin tarixini, ədəbiyyatını, mədəniyyətini və milli dəyərlərini daha yaxından tanımasına mühüm imkanlar yaradır.
Azərbaycan və Özbəkistan gənclərinin əməkdaşlığı da gələcək münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclər arasında ünsiyyətin, yaradıcılığın və innovativ ideyaların mübadiləsinin dəstəklənməsi nəzərdə tutulur. Xüsusilə Azərbaycan və Özbəkistanın gələn il gənclər arasında futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməsi tarihi hadisədir. Bu möhtəşəm idman tədbiri çərçivəsində “İki ölkə – bir çempionat” adlı genişmiqyaslı dövlət proqramının həyata keçirilməsi təklif edilib. Belə təşəbbüslər yalnız idmanın inkişafına deyil, həm də Azərbaycan və Özbəkistan gənclərinin daha sıx ünsiyyətinə və dostluq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı regional hüdudları aşaraq qlobal miqyasda mühüm çəkiyə malik bir tərəfdaşlıq modelinə çevrilməkdədir. İqtisadi, logistik və energetik layihələr hər iki ölkənin rifahına və suverenliyinə xidmət edirsə, reallaşdırılan humanitar və idman təşəbbüsləri bu münasibətlərin mənəvi sütunlarını möhkəmləndirir. Özbəkistanın Qarabağda sülh və quruculuq prosesinə verdiyi qardaşlıq dəstəyi, gənc nəsillərin bir-birini daha yaxından tanıması üçün atılan addımlar və idman sahəsindəki tarixi müştərək layihələr Bakı ilə Daşkənd arasındakı strateji ittifaqın gələcəkdə də sarsılmaz olacağından xəbər verir. Bu dostluq və tərəfdaşlıq təkcə iki xalqın deyil, bütövlükdə Türk dünyasının birliyinin və gücünün ən bariz təzahürüdü