“Bahar Enerji” Əməliyyat Şirkətində “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir

11 iyun 2025-ci il tarixində “Bahar Enerji” Əməliyyat Şirkətində “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Bahar Enerji” Əməliyyat Şirkətinin hüquq və korporativ məsələləri üzrə direktoru Əhmədiyyə Musayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, BEƏŞ-nin əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə və torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş neftçilərin xatirə abidəsinin önünə gül dəstələri qoymuşlar. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Heydər Əliyevin böyük qayıdışı” adlı sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Əhmədiyyə Musayev iştirakçıları salamlayaraq bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın memarı, qurucusu idi.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, 15 iyun – Milli Qurtuluş günü Milli dövlətçilik tariximizdə olduqca əlahiddə əhəmiyyət daşıyır. 32 il öncə geçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Nazim Cəfərov bildirib ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur.
Sonda xatirə şəkli çəkildi.