Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə evsahibliyi qazanması bütün dünyada böyük maraqla izlənilir və təqdir edilir. Bakıda keçirilən belə tədbirlər ənənə halına çevrilir. 21 iyunda "Euronews" telekanalında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərindən reportaj yayımlanıb. Reportajda Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi də yer alıb və dövlətimizin başçısı "Masdar", "ACWA Power" şirkətləri ilə sıx münasibətlərdən də bəhs edib. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən 300-dən çox iştirakçının olması konfransın enerji sektorunda qlobal enerji liderliyini əks etdirir.
Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılar idi. Sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. Tədbirdə çıxış edən Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"ndə "yaşıl enerji" sektoru ilə yanaşı digər enerji sektorlarında aparılan işləri vurğulayıb.
Ölkə başçısı Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışaraq, "Şahdəniz" layihəsinin qaza olan qıtlığı aradan qaldırdığını bildirib. Bu il ölkənin ixracı 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan artıq qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır.
Məlum olduğu kimi, hazırda enerji transformasiyası bütün dünyada çox aktual olan çağırışlardan biridir. 2030-cu ildə bərpa olunan enerji istehsalı 2,5 dəfə arta bilər. Buna nail olmaq üçün hökumətlər təmiz enerjiyə qoyulan sərmayələrin həcmini artırmalıdırlar. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji istehsalı üzrə 2024-cü il hesabatında qeyd edilib. Hesabatda qeyd olunub ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 qiqavat bərpa olunan enerji mənbəyi dövriyyəyə qoşulub ki, bunun da 75 faizi Günəş enerjisi hesabına təmin edilib.
Azərbaycan “yaşıl enerji” gündəliyinə qətiyyətli siyasi iradə ortaya qoyarkən ilk növbədə özünün bərpa olunan enerji sahəsində zəngin potensialına əsaslanır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb.
Mütəxəssislərin qənaətinə görə, 2027-ci ilin sonunda Azərbaycanda 2 qiqavat bərpaolunan enerji əldə olunacaq. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıc hesab olunur. Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzurda 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Hesablamalara görə, bu rəqəm 500 meqavata çatdırılacaq. 1 qiqavat bərpaolunan enerji 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Bütün bunlar isə ölkəmizin yaşıl enerji hədəflərinin reallaşmasına ciddi töhfələr verəcək.