Azərbaycanın ərazi bütövlüyünü tanıyan bu bəyanat böyük əhəmiyyət kəsb edir
Gülşən Hüseynova
Suraxanı rayonu 330 saylı baxçanın müdiri
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Ermənistan – Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. Ötən əsrin 80-cı illərindən bədnam qonşularımızın əsassız ərazi iddiaları ilə başlamış bu münaqişə ermənilərin xalqımıza qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Belə ki, Ermənistanla Azərbaycan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının süqutundan sonra ölkədəki xaos, qarışıqlıq, anarxiya nəticəsində Cənubi Qafqazda baş vermiş irimiqyaslı geosiyasi dəyişikliklə nəticələndi.
Həmin dövrdən başlayaraq və XX əsr boyunca keçmiş Dağlıq Qarabağ ətrafında münaqişə gah səngiyib, gah daha da alovlanaraq "isti" və "soyuq" mərhələlərdən keçmişdir. Ermənistanla Azərbaycan arasında münaqişənin "qaynar" fazasının birinci mərhələsi 1918-ci ilin mayından 1920-ci ilin noyabr ayına qədər davam etmişdir. Buna səbəb yeni müstəqil dövlətlərin sərhədlərinin Rusiya imperiyasının keçmiş quberniyalarının sərhədləri ilə uyğun gəlməməsi idi və bunun nəticəsində də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdi. Münaqişə obyektləri əsasən erməni və azərbaycanlı əhalinin birlikdə yaşadığı həmsərhəd ərazilər idi.
Ərazi münaqişəsi başlanandan tərəflər onun həll variantlarını təklif edirdilər. Əgər Azərbaycan hökuməti dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin əsas meyyarı kimi tarixi prinsip irəli sürürdüsə, Ermənistan tərəfi "ermənilərin yaşadığı yer erməni torpağıdır" prinsipi ilə hərəkət edirdi. Məhz bu mərhələdə "Dağlıq Qarabağ" termini siyasi əhəmiyyət kəsb etdi. Dağlıq Qarabağın erməni əhalisi burada öz inzibati hakimiyyət orqanlarını yaratmaqla Ermənistana birləşdirməyə çalışırdı.
1969-cu ildə vəziyyət dəyişdi. Heydər Əliyev Azərbayan rəhbərliyinə gəldi. Böyük Öndərin cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsip və normalarını pozaraq 30 il ərzində torpaqlarımızı işğal altında saxlamış, soyqırımlar, qətliamlar törətmişdir. Səbr kasası daşmış xalqımız 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz torpaqlarının düşməndən geri alınmasına nail oldu. Tarixi ədalət bərpa olundu, düşmən darmadağın edildi. Lakin, məğlubiyyəti ilə barışmayan düşmən öz çirkin əməllərindən, təxribatlarından əl çəkmir. Kapitulyasiyaya, onun şərtlərinə əməl etməkdən, sərhədlərin çəkilməsindən imtina edir. Qətiyyətli, uzaqgörən Ali Baş Komandan İlham Əliyevin məntiqli siyasəti, müzəffər Ordumuzun sülhə təhrikedici həmlələri nəticəsində düşmən tabe edildi.
Praqada Avropa İttifaqı Şurası, Azərbaycan, Fransa və Ermənistan Respublikalarının prezidentlərinin birgə görüşünün sonunda qəbul edilmiş bəyanat nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınmış, sərhədlərin delimitasiyası üçün mühüm işlərin görülməsinə qərar verilmişdir. Bu Azərbaycanın döyüş meydanında olduğu kimi, siyasi müstəvidə, diplomatiya sahəsində də daha bir uğuru, düşmən üzərində növbəti üstünlüyüdür.