Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə əks olunan qüdrəti

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə əks olunan qüdrəti

Ənvər Haqverdiyev

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Hər bir dövlətin beynəlxalq münasibətlər sistemində yeri və rolu o dövlətin inkişaf strategiyasının məhsuludur. Daxili imkanlar, lider amili, ölkə iqtisadiyyatının tərəqqisi, ordu quruculuğu və demokratik insitutların dövlətin idarə edilməsində rolu dövlətin beynəlxalq arenada təmsil gücünü artırır. Təbiidir ki, hər bir dövlət dünyada baş hadisələrə təsir etmək, hadisələrin istiqamətini öz xeyirinə dəyişmək arzusundadır. 31 illik müstəqilliyin bərpası tarixində Azərbaycan böyük mübarizələrdən keçmiş, öz suveren dövlətçiliyini qoruyub saxlamaq üçün saysız-hesabsız qurbanlar vermişdir. Çox təəssüflər olsun ki, bu gün də xalqımız öz ərazi bütövlüyü uğrunda qurbanlar verir və qüdrətli dövlətçiliyini qoruyub saxlayır.

Bilirsinizmi hörmət və məhəbbət elə bir hissdir ki, ən rəsmi şəxslərin bədən dillərinə belə yansıyır. Onlar ifadə etmək istəməsələr belə siyasi-diplomatik üslubları vasitəsi ilə hörmətlərini bildirirlər. Dünya dövlətləri arasındakı hörmətin mənbəyi isə milli dövlətlərin qüdrəti ilə ölçülür. Vətən Müharibəsindən sonra Azərbaycana qarşı olan böyük hörmət hissi bütün dünya liderlərinin davranışlarında öz əksini tapmaqdadır. 16 sentyabr 2022-ci ildə tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitini diqqətlə izləyən siyasi şərhçilərin bir çoxları da o fikirdədirlər ki, Azərbaycan qüdrətli dünya dövləti kimi baş verən hadisələrin mərkəzindədir.

Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Şanxay beşliyi adı ilə yaranmışdır.  2001-ci ildən Özbəkistanın qoşulması ilə yeni adını almış və şərq regionunun ən ali təşkilatına çevrilmişdir. Sonuncu üzv olan İran ilə birgə 9 üzvə malik olan bu qurumun tərkibində iki BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə silahına malik ölkələr vardır. Dünya əhalisinin yarısından çoxu məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin ərazisində yaşamaqdadır. Proqnozlara görə əgər bu təşkilat özünün hərbi blokunu yaratsa, o heç də NATO-dan zəif qurum olmayacaqdır. Özü də real döyüş əməliyyatları apara bilən və say tərkibinə görə NATO-dan qat-qat üstün bir qurum kimi fəaliyyət göstərəcəkdir. Bəlkə də elə bu səbəbdəndir ki, ABŞ və onun avropalı müttəfiqləri bu təşkilatın gələcək inkişaf mərhələlərindən nigaran və narahatdırlar. Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmizə olan marağı dövlətimizin regionda qüdrətinin nəticəsidir.

16 sentyabr 2022-ci ildə tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti dünyanın yenidən qloballaşmadan qütbləşməyə doğru istiqamətləndiyini bir daha nümayiş etdirdi. Avropada müharibənin getdiyi, Rusiyaya qarşı sankisiyaların tədbiq edildiyi, Cənubi Qafqazda aktiv döyüş əməliyyatları baş verdiyi vaxtda Azərbaycan və Türkiyə Prezidentlərinin böyük ehtiramla bu zirvə toplantısında qarşılanması yalnız qərbli siyasətçiləri deyil, Ermənistanın hərbi-siyasi dairələrini də şoka saldı. Axı KTMT-yə müraciət edərək oradan pənah güddükləri vaxt Müzəffər Ali Baş Komandan KTMT-ə üzv dövlətlərində əksəriyyətinin təmsil olunduğu Səmərqənddə açıq şəkildə hərbi təxribatlarda rəsmi İrəvanı ittiham edərək həqiqətləri dünyayla paylaşdı. Eyni zamanda azad olunmuş torpaqlarda görülən işlər və yeni Zəngəzur dəhlizinin gələcək imkanları haqqında zirvə iştirakçılarına məlumat verdi. Səmərqənddə təmsil olunan bütün dövlətlər azad olunmuş torpaqların bərpasında yaxından iştirak etmək istəyirlər və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha ifadə edirlər. Bu, eyni zamanda da Ermənistanın işğal faktının qəbul edilməsi də deməkdir. Dünya sərhəd təxribatlarının arxasında da Ermənistanın xəstə təxəyüllünün durduğunu bilir və belə demək mümkünüdürsə “timsah göz yaşlarına” inanmır artıq.

Hətta “timsah göz yaşlarını” İrəvanda Nensi Pelosi belə töksə, artıq ermənilərin dünyaya ixrac etdiyi işğalçı imicini silmək mümkün deyildir. Onlara bir tək sapı özümüzdən olan baltalar inanır. Ölkə Prezidenti dünyada olan ali platformalardan Qarabağ həqiqətlərini ifadə etdikcə, bizim antimilli düşmənlər özlərini düşməndən artıq düşmən kimi aparırlar.

Nensi Pelosinin İrəvana səfəri bir ay əvvəl planlaşdırılıb. Yəni, sərhəd təxribatları, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinin nəticəsi kimi İrəvana gəlməyib. Əksinə onun gəlişinin və Səmərqənd görüşü öncəsi Ermənistan sərhəd təxribatlar törədib ki, ABŞ yenidən prosesə cəlb olunsun. Pelosinin də gəlib göstərdiyi şou böyük oyunun tərkib hissəsi idi.

Məsələyə bəsit sərhəd təxribatı kontekstindən baxmaq əsil mahiyyətin təhlildən kənar qalmasına xidmət etməkdən başqa bir işə yaramaz. Onun üçün də son bir həftədə baş verən hadisələrə böyük rakursdan baxmaq vacibdir. Sentaybrın əvvəlində IV Brüssel görüşü baş tutdu və Azərbaycan bu dəfə daha real nəticələrlə masadan qalxdı. Bundan əvvəlki görüşlərdən fərqli olaraq konkret sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı direktivlər oldu. Cari ilin noyabr ayında ilkin mətnin müzakirəsi, bəlkə də, hər hansı bir sənədi imzalanması gözlənilə bilərdi. Paşinyan dərhal Moskvayla danışdı-heç bir nəticə əldə etmədi. Daha sonra qərbə üz tutdu. Sonrasında isə sərhəddə baş verən təxribatlar böyüdü və tarixə qanlı 12-13 sentyabr sərhəd təxribatları kimi düşəcək hadisələr baş verdi.

Qanlı 12-13 sentyabr sərhəd təxribatlarının əsas səbəblərindən biri ilin sonuna qədər sülh müqaviləsinin gerçəkləşməsini ləngitmək, əldə olunacaq hər hansı bir mümkün hərbi qələbədən sonra erməni cəmiyyətində Paşinyanın nüfuzunu qaldırmaq, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək zirvə toplantısına daha güclü getmək idi. Bu, əlbəttə, Paşinyanın və erməni zəkasının məhsulu deyil idi. Bu dəfə insaf üçün demək lazımdır ki, Rusiyanın da bu təxribat planlarından xəbəri yox idi. İraqa, Suriyaya, Gürcüstana, Ukraynaya və bir çox ərazilərə sülh, demokratiya gətirmək adı altında ölüm gətirənlərin növbəti hədəfi Ermənistandır. Lakin Paşinyan oyuna gələrək bu dəfə də cəmi bir gecəlik döyüş əməliyyatı nəticəsində Vətən Müharibəsindən sonra ianələr və qərbli dostlarının hədiyyələri hesabına əldə etdiyi bütün arsenalını sərhədboyu itimiş oldu. Azərbaycan öz tarixi torpaqlarında təhlükəsiz və silahsız əraziləri formalaşdırmaq istiqamətində ilkin addımlar atdı. Cari statistik rəqəmlərə əsaslansaq 80 şəhidimiz var. Onların hər birinin ruhları qarşısnda dərin ehtiramla baş əyirəm. Lakin Ermənistanın itkiləri rəsmi rəqəmlərdən çox daha artıqdır. Düşmən tərəfin etirafları bunu deməyə əsas verir. Dəqiqləşdirilməmiş məlumatlar, sosial şəbəkələrdə yayılan videolar onlarla əsirin də olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı düşmənin canlı və hərbi itkiləri ilə bağlı rəqəmləri isə ordumuzla yenidən qürur duymağımıza səbəb olmuşdur.

Vəziyyəti dərindən təhlil etdiyimizdə deyə bilərik ki, Azərbaycan növbəti dəfə meydanda hərbi, masada isə siyasi-diplomatik qələbə qazanmışdır. Bu qələbələri qoruyub saxlamaq üçün Prezident cənab İlham Əliyevin diplomatik və sərkərdəlik bacarıqlarına güvənərək onun ətrafında daha da monolit şəkildə birləşməliyik.