Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü

Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü
Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Dünyanın nəzər-diqqəti bir neçə gün idi ki, yenidən Şuşaya yönəlmişdi. Şuşa Türk dünyasının birliyinə yenidən ev sahibliyi edərək beynəlxalq tədbirə öz töhfəsini verdi. Azərbaycanın dilbər guşəsində TDT-nın qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir. Bu tədbir beynəlxalq münasibətlər sferasında böyük maraq yaratdı. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş mədəniyyət paytaxtımız Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu, dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi”.
Ötən il Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Həmçinin bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, II Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.
Qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsi türkdilli dövlətlərin daha sıx birləşməsi, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə etdiyi üçün üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız artır. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.