Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir
Ədilə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu, 14 saylı körpələr evi və uşaq bağçanın müdiri
Dünyanın sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən sayılan Azərbaycan Respublikası uzun illərdir ki, müstəqil iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.
Belə ki, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir.
Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər.
Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunur. Bunun da yeganə səbəbi son 21 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb. Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrac edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Ölkə başçısı bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaqdır. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş Türkiyəyə də Azərbaycan qazı ixrac edilir. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.