Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır
Təranə Ağayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 24 nömrəli şəhər poliklinikasının tibb bacısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi:Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olunub.
Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan, Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Bunu Respublikamızın Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” panel iclasında deyib. Dövlətimizin başçısı bildirib: ”Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.”
Yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək. Prezident İlham Əliyev “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında sıx əməkdaşlıq aparılmalı olduğunu qeyd etmişdir.
Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib bir platformadır. Bizim qalib ölkə kimi bu foruma qatılmağımız həm siyasi, həm də iqtisadi cəhətdən ölkəmizə böyük töhfə verir. Prezident İlham Əliyevin forum çərçivəsində bölgədə baş verən prosesləri dünyaya çatdırması, keçirdiyi görüşlər işğaldan azad olunmuş torpaqlarımıza yeni investisiya cəlbi baxımından olduqca önəmlidir.
Ümumiyyətlə Prezident İlham Əliyevin yeritdiyi xarici siyasət istər beynəlxalq təşkilatlar, forumlar səviyyəsində, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində Azərbaycanı inanılmış və güvənli bir tərəfdaşa çevirib.
Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir!