Azərbaycan ziyalısının ən gözəl nümunəsini- Zərifə xanım Əliyeva..
Günel Orucova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 14 saylı uşaq bağçası və körpələr evinin müdiri
15-aprel Azərbaycanın oftalmoloqu,Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın anım günüdür.
Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan İrəvan mahalında anadan olmuşlar. Azərbaycanlılara qarşı şüurlu surətdə həyata keçirilən soyqırım siyasəti Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur edir. Məhz burada Zərifə xanım dünyaya göz açır.
1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd tamamilə aydın idi. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini hökmən bitirməli idi. Bakıda o, universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışır.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.
Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Amma ağır xəstəliklə mübarizədə bu kifayət deyildi.