Çinarə Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nomrəli tam orta məktəbin müəllimi
Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini bir çox dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Azərbaycan-Slovakiya münasibətləri də məhz hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngitsə də, hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir.
Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlərin təməli hələ 23 noyabr 1993-cü ildə qoyulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib. 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Görüş zamanı Eduard Kukan bildirib: "Biz buradakı bütün danışıqlarımızda Dağlıq Qarabağ problemini xatırlayırdıq. Başa düşürük ki, bu, çox böyük problemdir, ölkənizin bütün inkişafını çətinləşdirir, mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarlarınızla Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər halda problemin həlli yolunu tapacaqsınız". Məhz bu kimi səmimi fikirlərə qarşılıq olaraq ulu öndər Heydər Əliyev daima bu iki ölkə arasında dostluq və əməkdaşlığı zirvəyə qaldırmışdır.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kim Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri də ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Görüş zamanı Prezident İlham Əliyev öz çıxışında söyləmişdir: “Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir”.
2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri, dünya ölkələri ilə qurulan iqtisadi-siyasi əlaqələrin davamı kimi 2024-cü ilin may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü və bu görüş zamanı da oxşar fikirlərin təkrar səslənməsi, həqiqətən də, çox ürəkaçıcıdır. Prezident İlham Əliyev baş tutan bu görüşü “Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün” kimi dəyərləndirərək demişdir: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətini iki ölkə arasında əməkdaşlığın əlamətdar istiqaməti kimi dəyərləndirmişdir, Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyini, bunun isə böyük rəmzi məna daşıdığını dilə gətirmişdir. Prezident İlham Əliyev bütün bunların iki dövlət arasındakı əlaqələrin səmimiliyinin dərəcəsini göstərdiyini, eyni zamanda işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlərin oraya qayıdacaq insanları sevindirəcəyini düşündüyünü də dilə gətirmişdir.
Bu gün üçün Azərbaycan və Slovakiya həm müstəqil siyasət aparan iki ölkə kimi tanınır, həm də suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur. Demək ki, bu iki dövlətin dostluq və əməkdaşlıq münasibəti quraraq birlikdə atacağı bütün addımlar hər iki ölkənin gələcək inkişafı üçün bir zəmindir.