Azərbaycan və Mərkəzi Asiya Ölkələri: Artan strateji əhəmiyyətə malik vahid tarixi-geosiyasi məkan
Azərbaycan Respublikası və Mərkəzi Asiya ölkələri-Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan, təkcə coğrafi yaxınlıqla deyil, həm də çoxəsrlik tarix, ortaq mədəniyyət, dil və dini dəyərlər zəminində sıx əlaqələrlə birləşən vahid bir region təşkil edirlər. Xüsusilə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti sayəsində bu ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni, strateji səviyyəyə yüksəlib və onların regional və qlobal miqyasda rolu getdikcə artır.
Azərbaycan və Mərkəzi Asiya regionunun strateji əhəmiyyəti, əsasən, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməsi və zəngin enerji, həmçinin təbii resurslara sahib olması ilə müəyyən edilir. Eyni zamanda qeyd edə bilərik ki, Azərbaycanın "yaşıl enerji zonası" konsepsiyası ilə Mərkəzi Asiyanın alternativ enerji potensialının birləşməsi yeni strateji sinerji yaradır və Avrasiyanın gələcək enerji xəritəsini müəyyən edir.Rəsmi mənbələr göstərir ki, son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin strateji xarakter almasının əsas göstəricisidir:
• Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana (o cümlədən Qarabağa və Şərqi Zəngəzura) ardıcıl səfərləri strateji tərəfdaşlığın dərinləşməsini şərtləndirir.
• Bu səfərlər zamanı imzalanan çoxsaylı müqavilə və sazişlər əməkdaşlığın qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq münasibətlərin dəyişən konturları fonunda öz strateji əhəmiyyətini durmadan artıran, vahid, dinamik inkişaf edən bir region təşkil edir. Əlaqələr coğrafi, tarixi və mədəni əsaslar üzərində qurulsa da, yüksək səviyyəli siyasi dialoq, iqtisadi layihələr və regional təşkilatlar çərçivəsində əməkdaşlıq sayəsində bu məkan gələcəkdə Avrasiyada güc mərkəzlərindən birinə çevrilmək potensialına malikdir.