Azərbaycan Qadını: Tarixi İrsdən Müasir Zəfərlərə doğru

Azərbaycan Qadını: Tarixi İrsdən Müasir Zəfərlərə doğru

Fidan Həbibova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin  sədr müavini

Suraxanı rayonu, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü sadəcə təqvim bayramı deyil, həm də qadınların ölkənin siyasi, iqtisadi və mədəni yüksəlişindəki əvəzsiz rolunun dövlət səviyyəsində təsdiqidir. Şərqdə qadınlara seçib-seçilmək hüququnun ilk dəfə Azərbaycanda verilməsi xalqımızın demokratik dəyərlərə və gender bərabərliyinə verdiyi tarixi önəmin göstəricisidir.

Azərbaycan qadını yüz illər boyu formalaşmış milli-mənəvi dəyərlərə sadiq qalaraq ana dilimizin, zəngin mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdur. Sürətlə maariflənən qadınlarımız ölkənin tərəqqisində danılmaz paya malikdirlər. Bu fəal vətəndaşlıq mövqeyi bu gün ictimai-siyasi həyatın bütün sahələrində özünü büruzə verir.

Ölkəmizdə müasir qadın siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmış və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2000-ci il 6 mart tarixli Fərmanla bütün dövlət qurumlarında qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilmişdir.

Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva isə öz fəaliyyəti ilə müasir Azərbaycan qadınının "yumşaq güc" rəmzinə çevrilmişdir.

Azərbaycan qadın hüquqlarının qorunması istiqamətində mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur:

1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulma fəaliyyətin əsas istiqamətlərindən biridir.

Dövlətimiz həmçinin “Analığın mühafizəsi”, “Ərdə olan qadının vətəndaşlığı” və “Bərabər əməyə görə bərabər haqq verilməsi” kimi beynəlxalq sənədləri qəbul etmişdir.

Daxili qanunvericilikdə 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunmuşdur. Qadın hüquqları eyni zamanda Ailə, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələri ilə təsbit edilir.

Mənbələrdə əks olunan rəqəmlər qadınların cəmiyyətdəki artan çəkisini sübut edir:

Əhali: Ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir.

Məşğulluq: Ümumi işçi qüvvəsində qadınların payı 48,4 faizdir.

Sahibkarlıq: 2026-cı ilin əvvəlinə olan məlumata görə, fərdi sahibkarların 23,7 faizi qadınlardır.

İdarəetmə: Yerli özünüidarəetmə orqanlarında (bələdiyyələrdə) qadın təmsilçiliyi 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmişdir.

Dövlət bu inkişafı davamlı etmək üçün  “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etmişdir. Bu sənəd qadınların hüquqlarının genişləndirilməsi və onlara bərabər imkanların yaradılması yolunda növbəti strateji addımdır.