Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

26 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul edilmiş mühüm qərarla ölkənin hərb tarixinə şərəfli bir səhifə yazıldı. Həmin qərarla "Müsəlman Korpusu"nun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bu addım, müasir Azərbaycanın ilk nizami hərbi hissəsinin – milli ordunun əsasını təşkil edən strukturun yaradılması demək idi.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri – Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə – qüdrətli, müasir və döyüş qabiliyyətli bir orduya çevrilmişdir. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Qələbə məhz bu güclü ordumuzun və xalq-ordu birliyinin nəticəsi idi.
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rol oynayır. Ölkəmiz iqtisadi və siyasi nailiyyətlərlə yanaşı, ordu quruculuğunda da böyük uğurlar qazanıb. Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu dünya dövlətləri də etiraf edir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərləri ilə tarixləşdi.
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Silahlı Qüvvələr Günü sadəcə hərbi tariximizin bir səhifəsi deyil, bu gün həm də vətənə xidmətin, torpağa sədaqətin və qəhrəmanlıq ənənələrinin yaşadılması deməkdir.
Hər bir Azərbaycan vətəndaşı kimi mən də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçiririk. Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.
Azərbaycan Ordusunun keçdiyi şərəfli yola, onun şəhid və qazilərinə ehtiramla baş əyirəm.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!