Azərbaycan Laçını həm döyüş meydanında, həm də siyasi yollarla qaytardı
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
28 il işğal altında olan füsunkar təbiətli Laçın rayonu bu illər ərzində sözün həqiqi mənasında talan edilmişdir. Laçında qanunsuz məskunlaşma həyata keçirən ermənilər eyni zamanda ətraf mühitə də xeyli zərər vurmuş, Azərbaycanın meşə fondunun əsas hissələrindən birini təşkil edən rayon meşələri mənfur düşmən tərəfindən məhv edilmişdir. Vətən müharibəsi dövründə Laçının azad olunması ordumuzun qarşısında qoyulmuş əsas tapşırıqlardan biri idi. Strateji əhəmiyyətə malik olan Laçının cənub hissəsi döyüş meydanında, digər hissəsi-ən böyük hissəsi isə Ermənistanın 10 noyabr kapitulyasiya aktına imza atandan sonra siyasi yollarla azad edilmişdir. Laçının azad edilməsi digər ərazilər kimi Ermənilər tərəfindən qəbul edilməz durum idi və bununla barışa bilmirdilər.
Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır.”
Bu gün İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması və müzəffər xalqımızın qalib dövlət kimi əbədi yaşaması Azərbaycan dövlətinin gücünü göstərir. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Bundan sonra orada həm təhlükəsizliyinin qorunması, həm keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması dövlətimizin əsas vəzifələrdən biridir. Biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Laçın rayonu ölkəmizin ən böyük və resurslarla zəngin rayonlarından biridir. Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Ermənilər işğal dövründə Laçında qanunsuz məskunlaşma siyasəti apararaq, beynəlxalq konvensiyalara görə hərbi cinayət törətmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, “ Heç kim bizim iradəmizə təsir edə bilməz” - Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi.
Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və hər kəs bu reallıqları qəbul edir. Azərbaycan güclü dövlətdir və heç bir dövlət bizim iradəmizə təsir göstərə bilməz. İndi Qarabağda tamam fərqli mənzərə müşahidə olunur. İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi Laçında da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Mərhələli şəkildə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar, həmçinin Laçından məcburi köçkün olmuş bütün soydaşlarımız. Bunun üçün Laçında bütün imkanlar yaradılır. Məktəblər, bağçalar, yaşayış evləri, sosial obyektlər tikilir, əhalinin məşğulluğu ilə bağlı şərait yaradılır. Bildiyimiz kimi Laçında beynəlxalq hava limanı inşa edilir və yaxın gələcəkdə inşası tamamlanacaqdır.Əminik ki, tezliklə bütün işlər uğurla icra olunacaq və laçınlılar öz doğma diyarlarında əbədi və xoşbəxt yaşayacaqlar.