Eldar Mirzəliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri
Azərbaycan tarixi Zəfərindən sonra beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi. Ölkəmiz müstəqil xarici siyasətinin davamı olaraq region və dünya dövlətləri ilə əlaqələrini bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurla inkişaf etdirdi. Bu gün Azərbaycan müəllifi olduğu qlobal layihələri reallaşdıraraq dünyada etibarlı tərəfdaşlıq nümunəsi yaradıb.
Azərbaycan Qərbin enerji təhlükəsizliyi və iqtisadi siyasətində də önəmli mövqedə dayanır. Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə hər zaman diqqət mərkəzində olub. Bu gün isə dünyada baş verən geosiyasi hadisələr ölkəmizi artıq regionun enerji mərkəzinə çevirib.
Azərbaycanın strateji tərəfdaşlığı uğurla davam etdiyi ölkələrdən biri də İtaliyadır. Azərbaycan və İtaliya arasında ikitərəfli əməkdaşlıq getdikcə genişlənir. Əməkdaşlığın əsas hissəsini enerji və ticarət təşkil etsə də, iki ölkə arasında təhsil, səhiyyə və digər bir çox sahələrdə yeni əlaqələrin qurulması və inkişafı xüsusi yer tutur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 31-də İtaliyaya işgüzar səfəri zamanı keçirilən görüşlər iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə uyğun olaraq atılan addımların və bir çox yeni istiqamətlərin müəyyənləşdirilməsinin müzakirəsi gələcək və uzunmüddətli əməkdaşlıq barədə məlumat verir.
Belə ki, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş mərasim keçirildi. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalandı. Bu da onu göstərir ki, hər bir ölkənin inkişafını yalnız təbii resurslar deyil, həm də bilik, savad və texnoloji tərəqqi müəyyən edir.
Həmçinin, dövlət başçısı cənab İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı ölkəmizin bu günü və gələcəyi ilə bağlı mühüm məqamlardan söz açdı. Belə ki, Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən bəhs edən ölkə başçısı Cənub Qaz Dəhlizinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən bəhs edərək bu layihənin icrasında İtaliyanın iştirakını xüsusi qeyd etdi. Cənab İlham Əliyev həmçinin, geniş beynəlxalq əməkdaşlığın yarandığını, ölkəmizin İtaliyanın bu tərkibdə iştirakını yüksək dəyərləndiyini vurğulayıb.
Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin Forumdakı çıxışı auditoriya və çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla qarşılandı. Forum çərçivəsində dövlət başçısı İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırdı. Azərbaycanın son illərdə Avropanın inkişaf etmiş ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsi ölkəmizin gələcək inkişafı üçün etibarlı zəmin yaradır.