Ellada İbadova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
2020-ci il Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Uzun ayrılıqdan, həsrətdən sonra 8 noyabrda Qarabağın baş tacı, mədəniyyətin beşiyi sayılan Şuşa düşmən işğalından azad edildi. 8 Noyabr – Zəfər Günü kimi yaddaşlara qızıl hərflərlə yazıldı. Nəhayət 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Məhz bu bəyanatla Ermənistanın Qarabağda təxminən 30 il davam etmiş işğalına son qoyuldu. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Bütün dünya üç il əvvəl Azərbaycan xalqının birliyinin və həmrəyliyinin şahidi oldu. Vətən müharibənin yekununda itirilmiş ərazilər tamamilə qaytarıldı. Uzun illər davam edən münaqişə başa çatdı və torpaqlarımız işğaldan azad olundu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Artıq Qarabağ tam azaddır. Burada quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir. Artıq bu ərazilərin yenidən qurulması, abadlaşdırılması, həmin ərazilərdə həyatın yenidən canlandırılması ilə bağlı işlərin başlanması dövrüdür. Adi quruculuq işlərindən fərqli olaraq müharibədən çıxmış, işğal fəlakətindən xilas edilmiş ərazilərdə quruculuq-bərpa işləri aparmaq çox çətin və məsuliyyətli işdir. Amma inanıram ki, işğaldan azad olunan ərazilərimizi dünyanın ən gözəl məkanına çevirəcəyik. Çünki “Biz birlikdə güclüyük!”