Azərbaycan elminin inkişafında yeni mərhələ
Hacıbala Abdulla
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan elminin 80 illik yolu bir Akademiyanın deyil, bütöv bir millətin düşüncə tarixidir. 3 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində çıxış edərkən dedi: “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.” Bu sözlər, elmə və biliyə söykənən inkişafın dövlət siyasətindəki əsas yerini bir daha təsdiqlədi.
Prezident çıxışında Ulu Öndər Heydər Əliyevin elmi düşüncəyə, alimlərə göstərdiyi qayğını xatırladaraq vurğuladı ki, məhz onun qətiyyəti və xalqa bağlılığı sayəsində Azərbaycan böyük sınaqlardan alnıaçıq çıxıb. Bu irs bu gün də davam edir. Son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb, elmi mərkəzlər yenilənib, tədqiqatçılara geniş imkanlar yaradılıb.
İlham Əliyev diqqəti gələcəyə yönəldərək bildirdi: “Tükənməz sərvət intellektual potensialdır, amma yalnız ona sərmayə qoyularsa”. Həqiqətən də, XXI əsrin sərvəti artıq neft yox, ağıl gücüdür. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik. Bunlar artıq gələcəyin deyil, bu günün reallıqlarıdır. Azərbaycan bu sahələrdə addım atmaqla kifayətlənmir, öz yolunu açır. Pilotsuz uçuş aparatları, hərbi texnologiya ixracı, elmi sənayenin formalaşması.
Prezidentin fikrincə, elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır. Çünki bu gün Azərbaycanın inkişaf lokomotivi artıq qeyri-neft sektorudur. Valyuta ehtiyatlarımız 80 milyard dolları ötüb, iqtisadi sabitlik isə azad edilmiş torpaqların dirçəlişinə xidmət edir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpaolunan enerji və geoloji layihələr Azərbaycanın sabahına yönələn böyük inamın göstəricisidir.
Prezident bir məqamı da xüsusi vurğuladı: “Azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması heç kəsi qorxutmamalıdır. Çünki Azərbaycan xalqı harada yaşayıbsa, o yeri abadlaşdırıb, inkişaf etdirib, heç bir xalq üçün problem yaratmayıb. Bu, bizim milli xarakterimizdir - zəhmətsevərlik, sülhsevərlik və dövlətçilik ruhu.”
Tarix və dil məsələsinə toxunan İlham Əliyev bildirdi ki, təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucusu müstəqil Azərbaycan dövlətidir. O, alimləri və ziyalıları dilin saflığını qorumağa, tariximizi saxtalaşdırmaq istəyənlərə elmlə cavab verməyə çağırdı. Həqiqətən, təkcə XX əsrin əvvəllərinə aid çar rusiyasının xəritələrinə baxmaq kifayətdir ki, indiki Ermənistan ərazisinin Azərbaycan toponimləri ilə dolu olduğunu görəsən.
Nitqin sonunda Prezident xatırlatdı:, “Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb.”Bu sözlər təkcə qalibiyyətin yox, həm də milli birliyin, xalqın iradəsinin poetik ifadəsidir.
Elm, dil, tarix, texnologiya. Bunların hər biri Azərbaycanın dirçəlişinin bir qanadıdır. İlham Əliyevin yubiley nitqi göstərdi ki, dövlətimizin gələcəyi neftlə deyil, biliklə, zəka ilə, elmə olan inamla yazılacaq.