Cari ilin aprel ayının 16-da Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili ölkəmizə rəsmi səfər etdi.
Qeyd edim ki, bu səfər Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk xarici rəsmi səfəridir. Bildiyimiz kimi, Azərbaycan dövləti Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. Bu baxımdan ilk səfərin Azərbaycana olması təsadüfü deyil və əsrlər boyu yüksək səviyyədə davam edən Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Mixeil Kavelaşvilini qəbul etdi. Yüksək səviyyəli görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizliklə yanaşı ölkələrarası iqtisadi əlaqələr, bir sıra meqa layihələr də müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini bildirdi. Cənab Prezident bu haqda dedi: ”Əsrlər boyu bizim xalqımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.Təbii olaraq siyasi əlaqələr inkişaf edir.
Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirtdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat kommunikasiya layihələri, sözün əsl mənasında , böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tətbiq edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsi ilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində , Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəniz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkəmizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Daha sonra Cənab Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün və asayişin bərqərar olmasında Azərbaycanın və Gürcüstanın verdiyi töhvələri vurğuladı və təəssüf hissi ilə bildirdi ki, uzun illər Cənubi Qafqaz münaqişə ocağı, müharibə arenası olub. Cənab Prezident Cənubi Qafqazın qara səhifələrinin bağlanıb, tarixdə qalacağına ümid etdiyini dedi və Azərbaycan Gürcüstan münasibətlərinin daima yüksələn xəttlə inkişaf edəcəyini vurğuladı. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji,nəqliyyat-logistika, turizm, humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan Gürcüstan əlaqələrində fəal iş birliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir...
Cənab Prezident İlham Əliyev çıxışına davam edərək Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələrin nəinki ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığa xidmət etdiyini, eyni zamanda regionun hüdudlarından aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynadığını vurğuladı.
Bu gün Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət gəstərir. Ümumilikdə iki ölkə arasında müqavilə-hüquq bazası əsasında 119 sənəd imzalanmışdır.
Yaşasın, Azərbaycan-Gürcüstan dostluq, qonşuluq münasibətləri!