Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev son 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq üçün məqsədyönlü ardıcıl siyasət həyata keçirib. Dövlət başçımızın bu istiqamətdə çoxşaxəli fəaliyyətinin mühüm bir istiqamətini isə münaqişə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib. Prezident İlham Əliyev bütün beynəlxalq platformalardan səmərəli istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial və ədalətli mövqeyini Özünəməxsus diplomatik məharətlə əsaslandırıb.
Artıq Qarabağ məsələsi deyilən bir problem yoxdur, Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib.Qarabağ və işğaldan azad edilmiş bütün digər ərazilər Azərbaycanın tarixi əraziləridir və ölkəmizə məxsusdur.Bu ərazilərin azad edilməsi bizim üçün həm də mənəvi məsələ idi.Bu ərazilər Ermənistanın səkkiz yüz minə yaxın azərbaycanlını oradan qovduğu,30 ildir azərbaycanlıların öz əcdadlarının məzarlarını ziyarət etmək və orada yenidən yaşamaq üçün geri dönmələrini gözlədikləri ərazilərdir. Ermənistanın işğalı zamanı Azərbaycan xalqının bütün izlərini silməyə çalışdığı və Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrinin,o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin yerləşdiyi ərazilərdir.Bədnam qonşumuz emənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq zaman kəsiyində Çar Rusiyası zamanında əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir.
Otuz il davam edən işğal dövründə ərazilərimizə mina basdırmaqları az imiş kimi, İkinci Qarabağ müharibəsi başa çatandan, məğlub olduqlarını şərəfsizcəsinə təsdiq etdikdən sonra da hər gün Qarabağa mina daşıdılar, yolları, körpüləri, hətta qəbiristanlıqları da bu gizli silahla doldurdular. Məhz həmin səbəbdən Azərbaycan rəhbərliyi bu ilin aprel ayında Laçın sərhəd keçid məntəqəsini yaratdı.
Bu fakt təkcə ölkəmizin ərazi bütövlüyünün tam bərpası baxımından əhəmiyyətli deyildi, həm də o vaxtdan sonra Ermənistandan Azərbaycana gətirilən yüklər sərhədçilər və gömrükçülər tərəfindən mütləq yoxlanılır ki, bu da ərazilərimizə mina daşınmasının qarşısını almaq məqsədi daşıyırdı.
Biz beynəlxalq aləmə dəfələrlə bəyan etmişik ki, erməni terrorçularının, təxribatçılarının, xəyanətkar siyasətçilərinin çirkin planları nəticəsində 1991-ci ildən bəri 3393 azərbaycanlı mina partlamasının qurbanına çevrilmişdir. Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanmaqla təcavüzkar dövləti sülhə məcbur etdi
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdu. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.
44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki 200 il bundan əvvəl, hələ çar Rusiyasının Cənubi Qafqazda forpost ölkə yaratmaq siyasətinə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. Getdikcə öz mövqelərini möhkəmlədən bu gəlmələr bir müddət sonra Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.