Azərbaycan–Özbəkistan münasibətləri: Qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan yeni yüksəliş mərhələsinə
Tərlan Bəbirov
Suraxanı Tibb Mərkəzinin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tariximizin, milli-mənəvi dəyərlərimizin və qarşılıqlı etimadımızın üzərində formalaşan möhkəm təmələ söykənir. Bu münasibətlər son illərdə təkcə siyasi və diplomatik müstəvidə deyil, iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və digər çoxsaylı istiqamətlərdə real layihələrlə zənginləşərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat da bu reallığı aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, Daşkənd və bütövlükdə Özbəkistan sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Bu inkişafın arxasında ölkənin iqtisadi potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, energetika və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni investisiyalar üçün əlverişli mühitin yaradılması dayanır.
Özbəkistanın son illərdə əldə etdiyi böyük nailiyyətlər, eyni zamanda, Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların nəticəsi kimi qiymətləndirilir. Azərbaycan dövlətinin bu uğurlara münasibəti isə xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan və Özbəkistan yalnız iki dövlət deyil, eyni zamanda, ortaq tarixə, mədəniyyətə, mənəvi dəyərlərə və qardaşlıq bağlarına malik iki xalqdır.
Məhz bu qarşılıqlı etimad və siyasi iradə Azərbaycan–Özbəkistan münasibətlərinin sürətli inkişafını şərtləndirən əsas amillərdəndir.
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi münasibətlərimizin institusional baxımdan da nə qədər yüksək səviyyəyə yüksəldiyini göstərdi. İclas zamanı iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri müəyyənləşdirildi və konkret layihələrin icrası ilə bağlı mühüm qərarlar qəbul edildi. Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi və hüquqi çərçivə yaradır.
Eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı, müxtəlif sahələr üzrə sazişlər və əməkdaşlıq proqramları əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Prezidentlərin qarşılıqlı olaraq ali dövlət təltiflərinə layiq görülməsi də münasibətlərimizin xüsusi xarakterinin göstəricisidir. Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə “Heydər Əliyev” ordeni ilə təltif olunması iki liderin Azərbaycan–Özbəkistan dostluğunun və müttəfiqliyinin möhkəmləndirilməsinə verdikləri töhfəyə verilən yüksək qiymətdir. Bu təltiflər, əslində, iki xalq arasında münasibətlərin dövlətlərarası əlaqələr çərçivəsindən daha geniş məna daşıdığını bir daha təsdiqləyir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə xüsusi dinamika qazanıb. Ticarət, investisiya, sənaye kooperasiyası, kənd təsərrüfatı, energetika, nəqliyyat, turizm və digər sahələrdə həyata keçirilən layihələr münasibətlərimizin artıq konkret iqtisadi məzmun daşıdığını göstərir. Bu baxımdan, qarşıya qoyulan 1 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə çatmaq hədəfi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə 2030-cu ilədək ticarət dövriyyəsinin artırılması üzrə xüsusi proqramın, eləcə də investisiya və ticarət sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutan Yol Xəritəsinin qəbul edilməsi qarşılıqlı iqtisadi əlaqələrin planlı şəkildə genişləndirilməsinə imkan verəcək. Azərbaycan və Özbəkistan artıq iqtisadiyyatın demək olar ki, bütün əsas istiqamətlərində əməkdaşlıq edir. Energetika, nəqliyyat, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, dağ-mədən sənayesi, turizm və bankçılıq sahələrində mövcud və planlaşdırılan layihələr bu əməkdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir.
Birgə İnvestisiya Fondunun imkanları da bu baxımdan mühüm əhəmiyyət daşıyır. İnvestisiya mexanizmlərinin daha fəal şəkildə tətbiqi iki ölkənin biznes dairələri arasında əlaqələrin genişlənməsinə, yeni istehsal və xidmət sahələrinin yaradılmasına və qarşılıqlı sərmayələrin artmasına şərait yaradır.