Azərbaycanla yaxın münasibəti olan İsraillə başqa müsəlman ölkələri də asanlıqla dil tapa bilərlər
Böyük Britaniyanın siyasi tarixində dərin iz buraxmış, nəinki öz ölkəsinin, eləcə də bütün dünya tarixinin bu vaxta qədər yetirdiyi nəhəng tarixi şəxsiyyətlərdən olan Çörçil deyirdi ki, İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var. Bəli, məhz maraqlar ölkələri bir-birinə yaxınlaşdırır. Bu maraqlar qarşılıqlı olanda ölkələr müttəfiqə çevrilir. O maraqların ömrü isə həmin ölkələrin siyasi kursunu yönəldən şəxsdən və dünyadakı geopolitik gedişatdan asılıdır. Elə sözümüzün əvvəlindəcə deyək ki, möhtərəm Prezident İlham Əliyev bunu hələ neçə il bundan qabaq duyan liderdir.
İsraillə münasibətlər nə üçün faydalıdır? Heç kimə sirr deyil ki, yəhudi mənşəli siyasətçilər dünyanın çox saylı ölkələrinin siyasi kursuna böyük təsir gücünə qadirdilər. Eyni zamanda yəhudi əsilli biznesmenlər iqtisadçılar da dünya iqtisadi kursunun komandalarındandır. Bu şəxsiyyətlər hər zaman Azərbaycana olan sevgilərini ifadə etmişlər.
Bundan başqa, bu da heç kimə sirr deyil düşmən üzərindəki möhtəşəm qələbəmizin əldə olunmasında İsrailin ən müasir texnologiyalarının rolu az olmamışdır. Düzdür, biz onları öz vəsaitimizlə almışıq. Bizə heç kim Ermənistan kimi o silahları hədiyyə etməyib. Lakin İsrailin qardaşlığını da unutmayacağıq.
Bəs İsrail Azərbaycana hansı prizmadan yanaşır?! Hər şeydən öncə ona görə ki, İsrail Azərbaycan neftinin ən başlıca alıcılarından biridir. Hamımız bilirik ki, yarandığı gündən bəri İsrail ərəb-müsəlman dövlətlərinin təyziqi, blokadası altındadır. Neft ölkələri olan ərəblər öz qonşularına neft satmaqda tərəddüd edir, bəzən isə bunda maraqlı deyillər. Azərbaycan isə öz qədim dostuna sevə-sevə öz dost əlini uzadır.
Azərbaycan Respublikası İsraildə səfirlik açmaqla həmin buzları sındırmış oldu. Bu müsəlman aləminə də bir ismarıc ola bilər. Azərbaycanla yaxın münasibəti olan İsraillə başqa müsəlman ölkələri də asanlıqla dil tapa bilərlər.
Bu gün İsrail prezidentinin Azərbaycana səfərə gəlməsi ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəldiyindən xəbər verir. Bəs, yeni müstəvidəki yeni hədəflər nələrdir? Bu gün Azərbaycan təkcə İsrailin yox, Avropanın maraq dairəsindədir. Hər şeydən öncə ona görə ki, biz ölkəmizin etibarlı tərəfdaş olduğunu hamıya sübut etmişik. Bu gün işğaldan azad olmuş ərazilərimizdə əzəmətli tikinti-bərpa işləri gedir. Həmin etibarlı tərəfdaşın iqtisadiyyatına investisiya yatırmaq isə İsrail biznesmenlərinin maraq dairəsindədir. Azərbaycanın qazandığı yeni simalardan biri də tranzit qovşağa çevrilməsidir. Yəni şərqə-qərbə, cənub-şimal tranzit kəsişmələri məhz bizim ölkəmizin ərazisində baş tutacaq.
Ermənistan nə qədər özünü yorsa da Prezidentin qətiyyəti, Türkiyə və İsrail kimi dövlətlərin dəstəyi sayəsində Zəngəzur dəhlizi açılacaq. Bu möhtəşəm layihələr isə ağıllı, uzaqgörən İsrail iqtisadçı və biznesmenlərinin diqqətindən qaça bilməz. Bir sözlə, İsrail və Azərbaycanın belə yaxınlaşması, bu fonda İsrail prezidentinin ölkəmizə səfəri daha irəliyə, daha möhtəşəm layihələrə hesablanıb.
Yaşasın Azərbaycan – İsrail dostluğu.