Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan dövləti daim ədalət, humanizm, bərabərlik prinsiplərini rəhbər tutaraq beynəlxalq hüquqa və qlobal tələblərə böyük hörmətlə yanaşıb. Ölkəmiz yeni çağırışlar şəraitində üzərinə düşən bütün öhdəlikləri yüksək məsuliyyətlə yerinə yetirir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri də yüksək səviyyədədir. 2019-cu ildən etibarən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, bu müddət ərzində təşkilatın fəaliyyətinə mühüm töhfələr verilib.
Azərbaycanın təşkilata sədrlik dövrü dünyada böyük təhdid olan COVID-19 pandemiyasının yayıldığı vaxta təsadüf etsə də, rəsmi ölkəmiz üzərinə düşən missiyanı müvəffəqiyyətlə icra edərək beynəlxalq ictimaiyyətin rəğbətini qazandı. Prezident İlham Əliyevin "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir" ifadəsi ölkəmizin təşkilatın fəaliyyəti üçün nümayiş etdirdiyi mühüm təşəbbüslərdən xəbər verir. Dövlət başçımızın fikirləri və ölkəmizin sədrliyi müddətində qlobal sabitliyə xüsusi diqqət ayrılması Azərbaycanın uğurlu siyasəti üçün səciyyəvi amillərdəndir.
Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ötən il ölkəmizin sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının, ölkəmizə olan sonsuz güvənin, diplomatik uğurlarımızın və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür. Amalı sülh və qlobal həmrəyliyin möhkəmləndirilməsi olan qurum bütün ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərini öndə saxlayır. 44 günlük Vətən müharibəsində də diqqət çəkən bir məqam Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana hörmətini, ən əsası ədalətə dəstəklərini nümayiş etdirdi.
Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verdi, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atdı. Azərbaycanın dövlətinin beynəlxalq öhdəliklərin icra edilməsində göstərdiyi məharət və qətiyyətli mövqeyi bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin legitim maraqlarını müdafiə olunmasına və Hərəkatın beynəlxalq arenada rolunun artmasına mühüm töhfələr verəcəyinə əminlik yaradır. Ölkəmiz beynəlxalq miqyasda ədalətin və sülhün bərqərqar olmasına təkan verəcək və tarixi liderlik missiyasını uğurla davam etdirəcəkdir.