Azərbaycanda amnistiya institutunun zənginləşməsində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır
Əminə Süleymanzadə
Bakı Slavyan Universitetinin IV kurs tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
1995-2003-cü illər ərzində 7 amnistiya aktının qəbuluna və 32 əfv fərmanının imzalanmasına nail olunmuşdur. Ulu Öndər hər zaman vurğulayırdı ki, dövlət öz vətəndaşına qarşı nə qədər tələbkardırsa, bir o qədər də mərhəmətli olmalıdır. Azərbaycanın bugünkü suverenliyinin və amnistiya ənənələrinin kökündə Ümummilli Lider Heydər Əliyevin sarsılmaz siyasi iradəsi və xilaskarlıq missiyası dayanır.
Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu dövrdə özünün humanitar fəaliyyəti və dərin vətənpərvərliyi ilə seçilərək, amnistiya aktlarının hazırlanmasında aparıcı rol oynamışdır. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları minlərlə insanın ailəsinə qovuşmasına və həyata yeni ümidlərlə bağlanmasına səbəb olmuşdur.
Azərbaycanda amnistiya institutunun zənginləşməsində və humanizm dəyərlərinin cəmiyyətin bütün təbəqələrinə sirayət etməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Mehriban xanım bu təşəbbüsləri ilə sübut etdi ki, güclü dövlət həm də öz vətəndaşına şəfqət əlini uzatmağı bacaran dövlətdir. Onun irəli sürdüyü "Mərhəmət" fəlsəfəsi bu gün dövlət siyasətinin mənəvi dayaqlarından birini təşkil edir
Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi xüsusi rəmzi məna daşıyır. Bu tarixi il çərçivəsində, 15 dekabr 2025-ci il tarixində dövlət başçısı tərəfindən irəli sürülən növbəti amnistiya təşəbbüsü, qalib dövlətin həm də mərhəmətli, ədalətli və humanist olduğunu bütün dünyaya nümayiş etdirir. Bu addım sadəcə hüquqi prosedur deyil, həm də dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinin təntənəsidir.