Azərbaycan Vətən müharibəsindən sonra qarşıya qoyduğu bütün məqsədləri reallaşdırır
Afət Həsənova
Milli Məclisin deputatı
Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Vətən müharibəsindən sonra qarşıda duran ən ümdə məsələrdən biri işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdışa” start vermək idi. Əlbəttə, bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi. Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə start verildi. Vətən müharibəsində qələbədən ötən qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılıb və bu işlər bu gün də davam etməkdədir.
Çox sevindirici haldır ki, artıq görülən işlər real nəticələr verməkdədir. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi. Bu, xalqımz tərəfindən böyük sevinclə qarşılanan bir hadisədir. Digər ərazilərdə də sürtətli bərpa və quruculuq işləri davam etməkdədir və insanlarımız öz dogma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər.
Azərbaycan bu nəhəng layihələri öz imkanları hesabına, xaricdən heç bir dəstək almadan həyata keçirir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır. Azərbaycan Vətən müharibəsindən sonra siyasi müstəvidə də öz istəklərinə nail olur, regionda yaranmış yeni reallıqlar dünya birliyi tərəfindən qəbul edilir.
Vətən müharibəsindən sonra həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərin nəticələri Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Bu görüşlər göstərdi ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, regionda nəqliyyat və kommunikasiya xəttlərinin açılması ilə bağlı dövlətimizin qətiyyətli mövqeyi dünya birliyi tərəfindən qəbul olunur və bu işlərin həyata keçirilməsinin regionda sülhün bərqərar olunması üçün vacibliyi qeyd edilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi, güclü diplomatik məharəti sayəsində Azərbaycan qarşıya qoyulan məqsədlərə nail olur və siyasi-diplomatik müstəvidə uğurlarını davam etdirir.