Azərbaycan və Qazaxıstan arasında bütün sahələrin inkişafı üçün çox geniş imkanlar və potensial var
Arzu Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycanla Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar potensialı mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır.
Həmin nüansların təhlilinə qədər isə növbəti tarixi aspektləri də xatırlamaq olar. Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır. Bu əlaqələrdə soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib.
Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında Ulu Öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Artıq həmin istiqamətdə də Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir, öz müsbət bəhrələrini verir. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də bu reallığı bir daha təsdiqləməkdədir. 2019-cu ildə hakimiyyətə gəlməsindən sonra Kasım-Jomart Tokayev Azərbaycana ilk rəsmi səfərini reallaşdırıb. Eyni zamanda, sözügedən səfər Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Həmçinin, əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, cənab Prezident İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var.
Cənab Tokayev çıxışı zamanı bildirmişdir ki: Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, - Füzuli şəhərini nəzərdə tuturam, - gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir.
Cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki: Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz, ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.