Azərbaycan Soçidə bir daha konstruktiv mövqe nümayiş etdirdi
Mehriban Əsgərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Hövsan bələdiyyəsinin əməkdaşı
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. Bu görüş müharibənin bitməsindən sonra Rusiyada üçtərəfli çərçivədə təşkil edilən sayca 3-cü görüşdür. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. Adıçəkilən bəyanatı bir neçə aspektdən qiymətləndirə bilərik.
Əvvəla, bəyanat da daxil olmaqla, bütövlükdə görüş özlüyündə Brüsselin fəallığına cavabdır. Rusiya prosesdə mövqelərini gücləndirməyə çalışır və Moskvasız heç bir irəliləyişin mümkün olmadığını göstərmək istəyir. Müvafiq görüşlə 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatları bir daha gündəmə gətirilir. Həmin görüşlər və görüşlərdə qəbul olunmuş yekun razılaşmalar Brüsseldə qazanılan praktiki irəliləyişin önünə qoyulmağa çalışılır.
Azərbaycanın əldə etdikləri kontekstində bəyanatı qiymətləndirsək, Bakının maraqlarına zidd məqamların olmadığını qeyd edə bilərik. Digər görüşlərdə olduğu kimi Qarabağ və status anlayışlarından istifadə olunmadı. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Bu anlayışların masaya gətirilməməsi həm Rusiyanın, həm də Ermənistanın Qarabağ məsələsinin Azərbaycanın daxili işi oluğunu qəbul etməsi deməkdir.
Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin 31 oktyabr tarixli Bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
Bakı Azərbaycan–Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdi. Azərbaycan qalan məsələlərin, o cümlədən, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə də hazırdır. Azərbaycan Soçidə konstruktiv mövqe nümayiş etdirdi.
Prezident Əliyevin Soçiyə səfəri çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlərin nəticəsi Azərbaycanın öz mövqeyini və prinsiplərini sona qədər müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi.
Yekun olaraq, Soçi görüşü diplomatik cəbhədə Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilə bilər. İrəvan bir daha anladı ki, nə Moskva, nə də Brüssel Azərbaycanın suverenliyinə zidd hərəkət edə bilməz.