Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə sədrliyi həyata keçirməyə başlamışdır

Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə sədrliyi həyata keçirməyə başlamışdır

Gülşən Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 330 saylı körpələr evi və uşaq bağçasının müdiri

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Burada əsas məqsəd beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdən ibarətdir. Qoşulmama Hərəkatının daimi olan mənzil qərargahı yoxdur.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, tam hüquqlu üzv qəbul olunmuşdur. 2019-cu ildən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə sədrliyi həyata keçirməyə başlamışdır. Sədrliyi dövründə gördüyü işlərə və irəli sürdüyü təşəbbüslərə, habelə təsisatın fəaliyyətinin genişləndirilməsi istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Hərəkata sədrliyi zamanı COVID-19 pandemiyası ilə əlaqədar özünün sədrlik gündəliyini çevik formada yeni reallığa uyğunlaşdıaraq zəruri addımlar atdı.

Ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizədə qlobal lider rolunu Hərakat üzərinə götürərək dünya ictimaiyyətini səfərbər etdi. Bununla əlaqədar olaraq 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammiti təşkil edildi. Sammitin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri oldu. Sammit 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. 

O dövrdə Azərbaycanın özünün də pandemiya ilə mübarizədə olmasına və Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də düşünərək addımlar atdı. Azərbaycan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi.

Azərbaycan Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilməsini və hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanıldığını xüsusi vurğuıayaraq bunun utancverici və iyrənc hərəkət olduğunu diqqətə çatdırdı.

2021-ci ildə ölkə başçisi İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini bildirdi. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı.

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmışdır.

Prezident İlham Əliyev üzv ölkələrinə məlumat verir ki , əvvəllər işğal altında olmuş ərazilərdəki dağıntıların miqyası çox böyükdür. Şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir

Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır.

Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək  Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.