Azərbaycan Konqo münasibətləri bariz nümunədir
Son illərin hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq və bərabərhüquqlu əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb.
Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib. Dünya dövlətləri ilə qurduğu əlaqələr əmkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir.
Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl xarici siyasəti beynəlxalq miqyasda ölkəmizə çoxlu dostlar qazandırıb. Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2024-cü il tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib ki, ilk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir.
Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox vacib bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Azərbaycan Konqo münasibətləri də bunun bariz nümunəsidir.
Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.