“Azərbaycan - dünən var idi, bu gün var, sabah da olacaq” adlı tədbir keçirilmişdir

27 may 2025-ci il tarixində Suraxanı rayonu, Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının və Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin birgə təqdimatında “28 may – Müstəqillik günü”nə həsr olunmuş “Azərbaycan - dünən var idi, bu gün var, sabah da olacaq” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Fətullayev, Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin direktoru Xəyalə Əzizova, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı səhnəcik nümayiş olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək tədbirin ərsəyə gəlməsində iştirak edən müəllim-şagird kollektivinə öz minnətdarlığını bildirərək demişdir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Bu varislik hüquqi, mənəvi, tarixi və siyasi varislikdir. Yerli təşkilatın sədri xüsusi qeyd etmişdir ki, Azərbaycan bir zamanlar heç bir hüquqi, siyasi əsası olmadan bizdən alınan, işğal olunmuş tarixi torpaqlarına doğru addımlayır. İnamla addımlayır, İlhamla addımlayır. Bu gün cümhuriyyətçi, qurucu babalarımızın ruhları şaddır. Çünki Vətən torpağı azaddır. Çünki onların güzəştə getməyə məcbur olduqları torpaqlara yeni əsirin yeni lideri cənab İlham Heydər oğlu Əliyev öz məğrur, rəşadətli ordusu ilə qədəm qoyur. Düşmənin başını dəmir yumruğu ilə əzir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Fətullayev çıxış edərək demişdir ki, uzaqgörən siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarda dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Müzəffər Ali Baş Komandan söz verdiyi kimi şanlı bayrağımızı bütün işğaldan azad olunan şəhər və kəndlərimizdə qaldıraraq dalğalandırır.
Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin direktoru Xəyalə Əzizova çıxış edərək öz balaca ürəklərində müstəqillik alovunu alışdıran məktəbin şagirdlərinə və birgə tədbirin keçirilməsində əməkdaşlığa görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlığını ifadə edərək demişdir ki, yeni nəslin vətənpərvər ruhda yetişməsində təhsil ocaqlarının rolu müstəsnadır.
Sonda YAP Suraxanı rayon təşkilatının ictimai-siyasi həyatında uzun müddətli səmərəli fəaliyyətə görə bir sıra yubliyar təltif olunmuşdur.