Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Yeni Suraxanı Bələdiyyə sədri
Ulu öndərimiz bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib. Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur.
Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir Təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir.
Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.
Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.