Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir
Nisə Fərəcova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin direktoru
Hər bir xalqın var olma, yaşama səbəblərindən biri onun dilinin yaşamasıdır. Əbəs yerə deməyiblər ki, bir xalqı yer üzündən silmək istəyirsənsə, birinci növbədə onun ana dilində danışma hüququnu əlindən almaq lazımdır. Həqiqətən də belədir. Dili yaşadıqca xalq da yaşayır və milli-mənəvi dəyərləri də bu dil vasitəsilə yaşadılır. Lakin dilin yaşaması öz-özünə baş verən bir proses deyildir. Bir dili yaşatmaq üçün onu birinci növbədə sevmək və dövlət səviyyəsində qorumaq lazımdır. Bu mənada Azərbaycan dili tarixin müəyyən dönəmlərindən keşməkeşli inkişaf yolundan keçmişdir. Lakin nə xoş ki, tarixdə hər zaman dilimizi sevən, bu dili dövlət səviyyəsinə çatdıran Şah İsmayıl Xətai kimi şəxsiyyətlərimiz olmuşdur.
XX əsrdə Azərbaycan dilinin inkişaf yoluna nəzər salsaq deyə bilərik ki, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Lakin müstəqilliyimizin ömrü az olduğu kimi dilimizin də aqibəti eyni taleyi yaşamağa məcbur oldu. Belə ki,Azərbaycan Sovet İmperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücum dalğaları başlanıldı. Dilimiz sıxışdırıldı rus dili dövlət dili elan olundu.Bir qayda olaraq televiziya, radio, mətbuat, kütləvi tədbirlərdə, çıxışlarda rus dilinə üstünlük verildi.O dövrdə elə psixoloji mühit yaradılmışdır ki,rus dilini bilməmək qəbahət hesab olunurdu.
Lakin bu proses belə gedə bilməzdi,çünki Azərbaycan xalqı hər zaman milli mənəvi dəyərlərinə,dilinə sadiq xalq olub. Tarixin ən çətin dönəmlərindən alnıaçıq, üzüağ çıxıb xalqımız.
Yüksək mənəvi keyfiyyətlərə malik, dilini , xalqını sevən ona hörmətlə yanaşan Ümumilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan üçün yeni reallıqlar yarandı. Onun hələ Sovet dövründə hakimiyyətdə olduğu dövrdə dilimizə verdiyi dəyəri bütün SSRİ gördü və qəbul etmək məcburiyyətində qaldı. Heydər Əliyevin cəsarət və xalqa sadiqliyinin nəticəsi idi ki, o müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış edirdi.Rus dilli məktəblərdə Azərbaycan dilində dərsliklərin istifadəsinə dair göstəriş verdi və nəhayət o,Sovet cəmiyyətində ən böyük tarixi təşəbbüsünü irəli sürdü. 1978-ci ildə SSRİ-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.
1980-ci illərin sonu, 1990-ci illərin əvvələrində Azərbaycanda milli azadlıq hərəkatı gedən zaman ana dilinin ictimai- siyasi nüfuzunun artması məhz Ulu Öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dilimiz də tarixi inkişaf yoluna qədəm qoydu Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra hər sahədə olduğu kimi dövlət dil siyasətin də ön plana çəkdi. 1995 - ci ildə qəbul edilmiş konstusiyasinda Azərbaycan dili dövlət dili elan edildi və dilimizin ictimai nüfuzun artırılması üçün uğurlu addımlar atıldı.
Bundan sonra artıq dil haqqında qəbul edilən fərman sərəncamlar dilimizin bütövlük inkişafına xidmət edirdi.Ulu Öndərin qoyduğu dil siyasəti bu gündə ölkəmizdə uğurla davam etdirilir.Bunun bariz nümunəsini biz 44 günlük Vətən müharibəsində cənab prezidentimizin xalqa müraciətlərində, verdiyi bəyanatlarda gordük. İlham Əliyev dilimizin ən dərin, incə məqamlarında yatan nitqə qətiyyət verən ifadələrdən istifadə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Onun Azərbaycan xalqına, torpağına və dilinə olan yanaşması bu gün hər bir vətəndaşa nümunə olmalıdır. Vətənimizi sevdiyimiz kimi dilimizi də qorumalı və sevməliyik.