Azərbaycan Avropanı yaşıl enerji ilə təchiz etmək üçün böyük imkanlara malikdir
Azərbaycan Respublikasının apardığı iqtisadi siyasət ölkənin potensialının müəyyən olunmuş hədəflərə doğru irəliləmədə maksimum dərəcədə səmərəli istifadə olunmasına, qısa zamanda daha yüksək nəticələrin əldə edilməsinə yönəlmişdir. Prezident cənab İlham Əliyevin dünya iqtisadiyyatının inkişaf meyllərini əks etdirən beynəlxalq görüşlərə dəvət alması vətənimizin rifaha köklənmiş layihələrdə uğurlu iştirakının nəticəsidir. Bu ilin mart ayının 13-də Berlin şəhərində ölkə başçısının Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə olan görüşü bu mənada böyük əhəmiyyət kəsb edir. Son 20 ildə ölkəmizin iqtisadiyyatının 3 dəfədən çox artması Azərbaycanı güvənilən tərəfdaş kimi təqdim etməyə əsas verib. Zəngin resurslarını düşünülmüş şəkildə istifadə etməyə xüsusi önəm vermək, əldə olunan qazancı yeni sahələrin inkişafına yönləndirmək bugünkü iqtisadi fəaliyyətimizin sütununu təşkil edir.
Sözügedən görüşün 30 aparıcı alman şirkətinin marağını cəlb etməsi onu göstərir ki, Azərbaycan Avropa üçün indinin və gələcəyin iqtisadi tərəfdaşı olmaqla yanaşı həm də bu tərəfdaşılığın uzunmüddətli və davamlı olmasına dair inamın ünvanıdır. Bu görüşü eyni zamanda 3 həftə əvvəl baş tutmuş Mühxen Təhlükəsizlik Konfransının məntiqi davamı kimi də xarakterizə etmək olar. Berlin görüşü daha çox beş qrupda sinifləndirilmiş şirkətlərlə konkret layihələrin müzakirəsini ehtiva etdi ki, bu da Azərbaycanın iqtisadi mənafeyini ən üstün şəkildə müdafiə etməyi bacaran mövqe ortaya qoymağı tələb edirdi.
Cənab Prezidentin ölkəmizin beynəlxalq layihələrdə məsuliyyətli fəaliyyətlə seçildiyini, Azərbaycanın Avropanı yaşıl enerji ilə təchiz etməsi üçün böyük imkanlara malik olduğunu vurğulaması ilə paralel Mərkəzi Asiya ölkələri ilə də iş birliyinin artmasına toxunması iqtisadiyyatımızın çoxşaxəli meyllərini diqqətə çatdırdı. Təbii qaz ixracatçısı kimi fəaliyyətini genişləndirən ölkəmiz, bu gün Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələrə təbii qaz çatdırmaqla kifayətlənmir, 2027-ci ilə qədər Avropada yerləşən ölkələrə 20 milyard kubmetr təbii qazın göndərilməsini hədəfləyir.
Yeni sifarişçilər qismində yer alan Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi ölkələr də yəqin ki, Azərbaycanla iqtisadi layihələrdə iş birliyinə həvəs göstərən dövlətlər zəncirinin son həlqəsi olmayacaq. Böyük potensiala malik ölkəmizin ixrac edən tərəf kimi dünya səviyyəsində daha əhatəli planlarla çıxış etməsi üçün ötürülmə güclərini genişləndirmək istiqamətini də diqqətdə saxlamaq vacibdir. Bu məqsədlə nəqliyyat infrastrukturunun inkişafı, dəniz limanlarımızın imkanlarının genişləndirilməsi, dəmiryol şəbəkəsinin sıxlaşdırılması ilə yanaşı dənizin dibi ilə kabel çəkilişlərinə dair sazişlərin imzalanması da böyük ümidlər vəd edir.
Belə sazişlərdən biri kimi ötən ilin dekabr ayında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerji ötürülməsinə xidmət edəcək kabel çəkilişinin Qara dənizin dibi ilə həyata keçirilməsi haqqında razılaşmanın rəsmi təsdiqini xatırlamaq yerinə düşər. Bu sazişin Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında imzalanması Azərbaycanı Avropa üçün maraqlı edən cəhətlərin daha bir nümunəsidir.
Ölkəmizin 2020-ci ildə işğaldan azad olunmuş ərazilərində “Böyük Qayıdış” adlı dövlət proqramının həyata keçirilməsi istiqamətində apardığı işlər də iqtisadi tərəfdaşlıq etdiyimiz ölkələr üçün özünəməxsus əhəmiyyət kəsb edir. Həmin ərazilərdə bərpaolunan enerji üçün böyük imkanların mövcudluğu heç kim üçün sirr deyil. Qarabağın, Şərqi Zəngəzurun yaşıl enerji zolağına çevrilməsi planı Naxçıvanın da bu zolağı davam etdirəcəyinə dair fikirləri şərtləndirir. Azərbaycanın istiqamətləndiyi hədəflərin əldə olunması üçün inkişafın əsasını təşkil edən sülhün bərqərar olması vacibdir.
Özü, yerləşdiyi regionu və bütünlükdə dünyamız üçün firavanlıq və rifah arzu edən dövlətimiz beynəlxalq hüquq normaları çərçivəsində təsdiq olunmuş sərhədlərimiz daxilində suveren haqlarını müdafiə etməyi də bacardığını nümayiş edtirməkdən çəkinmir. Beynəlxalq aləm də bu haqlara hörmətlə yanaşmalı olduğunu hər zaman xatırlamalıdır. İqtisadi siyasətin dövlət siyasətinin əsasını təşkil etdiyini nəzərə alaraq demək olar ki, Almaniya böyük şirkətlərinin simasında Azərbaycana olan marağını ifadə edir və bu marağın ölkəmiz üçün əhəmiyyətli olan məsələlərdə Almaniyanın ədalətli mövqe tutmasına xidmət edəcəyi gözlənənlər arasındadır.